Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyinin Astarada keçirdiyi seminarda “Açıq hökumət” prinsiplərinin təbliği və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində gənc dövlət qulluqçuları ilə müzakirələr aparılıb.
Movqe.az-ın xəbər verir ki, layihənin məqsədi “Açıq hökumət” prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində gənc dövlət qulluqçuları və maraqlı tərəflər arasında təbliğat işini gücləndirməkdir.
Təlim məşğələsində çıxış edən İctimai Birliyin sədri Rövşən Bağırov bildirib ki, layihə “Açıq hökumət”in təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq keçirilir.
Astara rayonunun müxtəlif dövlət qurumlarında çalışan 20 gənc dövlət qulluqçusu üçün keçirilən seminarda layihənin dövlət qulluqçuları üçün əhəmiyyətindən, “Elektron hökumət”lə bağlı görülmüş işlərdən, “ASAN xidmət” modelindən, digər elektron xidmətlərdən söz açılıb.
Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi dövlət qurumları ilə vətəndaşlar arasındakı məsafəni maksimum azaldır və şəffaflığın təmin olunmasında böyük rol oynayır.
Daha sonra “Elektron hökumət”lə bağlı hazırlanmış video-çarx nümayiş olunub və müzakirələr aparılıb.
Tədbirin eksperti, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ehtiram Fəttayev “Açıq hökumət”in təşviqi prosesində dövlət qulluqçularının rolundan, şəffaflığın təmin olunmasında və korrupsiyanın qarşısının alınması istiqamətində dövlət qulluqçularının səylərinin daha da gücləndirilməsinin vacibliyindən danışıb.
İnteraktiv müzakirələr zamanı dövlət qulluqçuları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilib.
Layihə çərçivəsində “Elektron hökumət”lə bağlı hazırlanmış video-çarx sosial şəbəkələrdə yayımlanıb.
Mövzu ilə bağlı daha çox insanın maarifləndirilməsi üçün 750 ədəd buklet nəşr edilib.
Silsilə seminarlar və “dəyirmi masa”lar Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarında davam etdiriləcək.
AzərTac