Qarşıdan yeni tədris ili gəlir. Övladı tələbə adını qazanan valideynlərin bir qismi artıq metrostansiyalara yaxın kirayə ev axtarışına çıxıblar. Amma ötən illə müqayisədə bu tədris ili öncəsi paytaxtda kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Valideynlər metrostansiyalara yaxın ərazidə boş mənzil tapmaqda ciddi çətinlik çəkirlər. Yaxud da metrolara yaxın mənzillərin qiyməti kirayə ev axtaran valideynlərin büdcəsi ilə qəti uzlaşmır.
İki övladı bu il ali məktəbə qəbul olan Dilqəm Orucov ailəsi ilə Xaçmazın Xudat kəndində yaşadığından paytaxtda kirayə mənzil axtarışındadır. Onun sözlərinə görə, ötən həftədən paytaxtda kirayə ev axtarsa da, metrostansiyalara yaxın ərazidə mənzil tapa bilmir: “İxtisas seçimi ilə bağlı nəticələr bəlli olan kimi Bakıya gəldim ki, uşaqlara mənzil tapım. İki oğlumdan biri Memarlıq və İnşaat Universitetinə, digəri Bakı Dövlət Universitetinə qəbul olunduğundan, əvvəlcə metronun «Elmlər Akademiyası» yaxınlığında ev sorağına çıxdım. Nə qədər alqı-satqı ofisinə müraciət etsəm də, bu istiqamətdə boş ev tapa bilmədim. Bir neçə mənzil təklif etdilər ki, onun da aylıq kirayə haqqı 1000-1200 manat idi. Metrodan kənar ərazilərdə də tələbə üçün normal şəraiti olan az mənzil var. Onların da kirayə haqqı tələbə valideynlərinin cibinə uyğun deyil. Əlac ona qalıb ki, uşaqları qohum evinə yerləşdirim”.
Evlərin alqı-satqısı ilə məşğul olan maklerlər isə kirayə mənzil bazarında qıtlığın yaranmasının səbəbini müxtəlif səbəblərlə izah edirlər. Bakının Nərimanov rayonu ərazisində ev alqı-satqısı, kirayəsi ilə məşğul olan Eldəniz Muradov tələbə valideynlərinin ciddi problemlə üzləşdiyini təsdiqləyir: “Gün ərzində bizim ofisə övladına mənzil axtaran 30-40 valideyn müraciət edir. Əksəriyyəti metroya yaxın yerdə mənzil axtarırlar. Metro stasiyaların ətrafında isə boş kirayə mənzil tapmaq müşkül məsələdir. Son vaxtlar ölkəmizə turist axını xüsusilə Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında kirayə mənzillərə tələbatı artırıb. Xüsusilə Körfəz ölkələrindən, İrandan gələn turistlər bu rayonlarda metrostansiyalara yaxın baha qiymətə mənzil kirayələyirlər. Bu üzdən də metro ətrafında boş kirayə mənzil tapmaq çətindir. Olsa da o mənzillərin qiyməti elə yüksəkdir ki, rayonda yaşayan valideynin büdcəsinə uyğun deyil. Ona görə də, elə biz özümüz də son günlər valideynlərin bu sıxıntısına şahidik”.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə son vaxtlar paytaxtda kirayə mənzil bazarında yaranmış qıtlığı başqa amillə izah edir: “Turizm tamamilə başqa seqmentdir. Ölkəyə gələn turistlər əsasən günlük, yaxud da həftəlik mənzillər kirayələyirlər. Ölkəyə gələn turistlər demək olar ki, əsasən paytaxtın mərkəzi hissəsində kirayə ev axtarırlar.
Bu gün paxytaxtda tələbələrin kirayə mənzil tapa bilməməsinin səbəbi isə təklifin azalması ilə bağlıdır. Köhnə yaşayış binaların sökülməsi nəticəsində kirayə mənzil bazarında təklif azalıb. Bundan əlavə onların yerində yeni inşa edilən binalarda kirayə haqqı çox yüksəkdir. Tutaq ki, əvvəl “Sovetski”də kirayə 120 manata ev tapmaq olurdusa, orada evlərin bir qismi sökülüb yerində yeni bina inşa edildiyindən kirayə mənzilin qiyməti 800 manat olub. Bu qiymətə isə tələbələrin kirayədə qalmağa imkanı çatmır”.
Təhsil üzrə ekspert Kamran Əsədov isə kirayə bazarında yaranmış qıtlığın övladı tələbə adını qazanmış valideynləri ciddi narahat edən problemə çevrildiyini söyləyir: “Son günlər sosial şəbəkələrdə hər kəs öz yaxını üçün metro ətrafında kirayə mənzil axtarır. Elanlarda isə mənzilin sərfəli qiymətə olması xüsusi qeyd edilir. Bu, onu göstərir ki, tələbələrin valideynləri metro stansiyalara yaxın boş kirayə mənzil tapa bilmirlər. Boş olanların qiyməti isə çox yüksəkdir. Halbuki təhsilin əlçatan olması deyildikdə, təkcə ali məktəblərə qəbul olması əsas götürülmür. Elə tələbələrin qalması üçün yerlər də təhsilin əlçatan edir.
Bu gün paytaxtdakı ali məktəblərin mütləq əksəriyyətinin tələbə yataqxanası yoxdur. 54 ali təhsil müəssisəsinin 6-7-nin yataqxanası var. Bu, o deməkdir ki, Azərbaycanda 54 ali təhsil müəssisəsində təhsil alan 164 min tələbənin 4-6 faizi yataqxana ilə təmin olunur. Tələbələrin bu gün ən ciddi problemi yataqxana təminatı ilə bağldıır”.
K. Əsədov xarici ölkələrin bu problemi kampuslar tikməklə aradan qaldırdığını söyləyir: “Bu gün paytaxtda kampusların tikilməsi praktiki olaraq mümkün deyil. Çünki, Bakıda universitetlərin ətrafında sıxlıqdır, orada kampusların inşası mümkün deyil. Ona görə də, əlac qalır universitetlərin paytaxtda kənara köçürülməsinə. Bu baş tutarsa, universitetlər özlərinə infrastruktur qurmaqla tələbələrin kirayə problemini aradan qaldıra bilərlər. Bu məsələnin həlli yollarından biridir”.
K. Əsədov problemdən ikinci çıxış yolunun universitetlərin gəlirləri hesabına ətrafdakı binalandan mənzillər almasında görür: “Bakıda indiyədək 700 dən çox yeni bina inşa edilib. Universitetlər həmin binalardan öz gəlirləri hesabına bir bloku, yaxud bir neçə mərtəbəni ipoteka krediti formasında alaraq öz tələbələrinə kirayə verə bilər. Universitetlər ödənilən təhsil haqqı ilə təkcə öz maddiyatını qurmamalı, xarici imkanlardan da istifadə edib gəlirlər əldə etməlidir”.
Təshil üzrə ekspert məsələnin başqa çıxış yollarının da olduğunu söyləyir: “Sahibkarlara güzəştlər, imkanlar verilməldir ki, Bakıda tələbə yataqxanaları inşa etsinlər. Bu gün qardaş Türkiyədə 265 universitet tələbələrini yataqxana ilə təmin edə bilir. Türkiyə universitetlərinə 800 mindən çox tələbə xaricdən gəlir. Türkiyədə sahibkarlar “yurd”lar inşa edərək tələbələrə münasib qiymətə kirayə verirlər. Həmin sahibkarlara kommunal ödənişlərdə güzəştlər edilir. Bizdə də sahibkarlara belə şərait yaradılmalıdır ki, tələbələr üçün təhsil əlçatan olsun”.
K. Əsədov kampusların tikintisindən dünya təcrübəsində daha çox istifadə edildiyini söyləyir: “Kirayə qalan tələbələr həm də təshil mühitindən kənar düşürlər. Kampuslarda isə kitabxanalar, oxu zalları, tələbələrin kompakt yaşaması onların təhsil mühitində qalmasını təmin edir”.
Zülfiyyə QULUYEVA