Əlaqə Arxiv
news Image
2018.08.28
07:00
| A A A
Məktəb avtobuslarına ehtiyac artır
Ərşad Hüseynov: «Valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər»

Yeni tədris ilinin başlaması məktəblilərin nəqliyyat problemini yenidən gündəmə gətirir. Bu gün özəl məktəblərin əksəriyyətinin nəqliyyat servisi xidməti olsa da, dövlət təhsil müəssisələrində məktəblilər dərsə ictimai nəqliyyatdan istifadə etməklə, yaxud da şəxsi avtomobillə gedib-gəlirlər. Bu isə ümumtəhsil müəssisələrinin ətrafında tıxaca səbəb olur.

Qeyd edək ki, hazırda yaşadığı rayonun ərazisindən digər rayonun ərazisində yerləşən məktəblərə təhsil almaq üçün gedən məktəblilər də az deyil. Onların bir qismi ictimai nəqliyyatdan istifadə etdiklərindən yolu ayaq üstə getməli olurlar.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər: “Bakıda şəhərsalma,  məskunlaşma elə qurulub ki, məktəblilər dərsə piyada getsinlər. Təhsil Nazirliyi də çalışır ki, şagirdlər ərazi üzrə məktəbə getsinlər. Amma bu gün fərqli təhsil sistemi olan məktəblərə kənardan gəlmə həvəsi var. Bu da şagirdlərin nəqliyyatdan istifadəsini labüd edir.

Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəbət ətrafında sıxlıq, xaos yaradır. Amma digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, məktəb avtobusları saxlasınlar. Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki, nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər”.

Ə. Hüseynov deyir ki, fərqli təhsil sistemi olmayan məktəb deyilsə, şagirdi yaşadığı ərazidən uzağa təhsil almağa göndərmək valideynin səhvidir: “İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki, uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir. Ona görə də, məktəblərdə valideynlər təşkilatlanıb məktəb avtobusu yaratmaqla uşaqlarının rahatlığını təmin edə bilərlər”.

 

Zülfiyyə QULUYEVA    

Sizin Reklam Yeriniz