Əlaqə Arxiv
news Image
2018.09.11
07:00
| A A A
Sürüşmə təhdidi yenidən baş qaldırır
Əziz Qaralov: “Hazırda müəyyən ərazilərdə dinamika və gərginlik var” Ənvər Əliyev: “İnfrastruktur layihələri zamanı nə qədər torpaq sahəsi sıradan çıxıbsa, o qədər torpaq sahəsi istifadəyə verilməlidir”

Məlumdur ki, Azərbaycanda son dövrlərdə ciddi problemlərdən biri də sürüşmələrin çoxalmasıdır.  Qarşıdan isə yağıntıların miqdarının çox olduğu payız fəsli gəlir. Bu fonda sürüşmə təhdidi yenidən aktuallaşır. 

Mütəxəssislərin sözlərinə görə, yağıntı sürüşməni aktivləşdirən amillərdən biridir. Odur ki, sürüşmələrin yenidən olacağı istisna edilmir. Hətta hazırda belə gərgin olan ərazilər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Mövqe”yə bildirdi ki, hələlik quraqlıq dövrüdür: “Bu dövr ərzində regionlarda sürüşməyə meylli ərazilərin monitorinqini aparırıq. Bununla bağlı da zaman-zaman məlumatlar verilir. 
Hazırda müəyyən ərazilərdə dinamika və gərginlik var. Nübar qəsəbəsi, Muğanlı kəndi, Lahıc qəsəbəsinin şimal-şərq hissəsində gərginlik qalmaqdadır. Bundan başqa cənub bölgəsində sürüşmə əraziləri var. Aktivlik  Lənkəran-Lerik yolundadır. Abşeron ərazisində də daim gərginlik var. Teleqüllə yaxınlığında hazırda vəziyyət sabitdir. Müşahidələr aparılır. Orada ciddi dəyişiklik yoxdur”. 
Əziz Qaralov əlavə etdi ki, dünya statistik məlumatına əsasən, sürüşməni aktivləşdirən amillərin 80 faizindən çoxu antropogen amillərdir: “Təbiətin özünə isə 20 faiz qalır. Xüsusən, məskunlaşmanın artması, yeni infrastruktur layihələrinin reallaşması sürüşməni aktivləşdirən amillərdir”.
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirdi ki, respublikamızda payız fəsli yağıntılı aylar hesab olunur: “Bu, sürüşməni aktivləşdirən təbii səbəbdir. İkinci səbəb isə, yeraltı təkanlardır. Ancaq sürüşməni aktivləşdirən antropogen səbəblər də var. 
Məlumdur ki, ölkəmizdə müəyyən infrastruktur layihələri həyata keçirilir. Nəzərə alaq ki, Azərbaycan dağlıq ölkədir. Dağlıq ölkədə həyata keçirilən infrastruktur layihələri ərazinin dayanıqlığına mənfi təsir göstərir. Yağıntılar və yeraltı sular da digər tərəfdən təsir edir. Nəticədə Azərbaycanda xüsusən yağıntılı dövrdə sürüşmələrin aktivliyi müşahidə olunur”.
Ənvər Əliyevin fikrincə, sürüşmələrin qarşısını almaq mümkündür: “Bu isə yüksək maliyyə və texnologiya tələb edir. Ancaq bunları tətbiq etmək bir qədər çətindir. Xüsusən avtomobil yolları çəkilən zaman onun gələcək fəsadları da nəzərə alınmalıdır. Unutmayaq ki, dünyada adambaşına düşən torpaq sahəsinə görə, Azərbaycan aşağı pillələrdə yer alır. Bütün bunlar isə ölkə iqtisadiyyatına kifayət qədər problem yaradır. İnfrastruktur layihələri zamanı nə qədər torpaq sahəsi sıradan çıxıbsa, o qədər torpaq sahəsi istifadəyə verilməlidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz