Bu barədə AzVision.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd
Türkiyə istehsalı olan 350 qramlıq "Pinar" nişanlı "manqal sucuk"
və 2 kq xarab olmuş mal əti aşkarlanıb. Bununla bağlı dərhal akt
tərtib edilmiş və məhsulların istifadəsinə qadağa qoyulub. Həmçinin
müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan biskvitli-kremli
tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur,
məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq
olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal
olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət
olunmadığı aşkarlanıb. Belə ki, məhsulların saxlanma rejimləri
müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada
məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq,
ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər
saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və
bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların
normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda,
bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanıb.
Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova
pozuntuların 12 may 2013-cü il tarixinədək aradan qaldırılması
barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların
istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə
verilib.