Əlaqə Arxiv
news Image
2018.10.03
09:15
| A A A
Yas və toy mərasimlərinin qanunla tənzimlənməsi aktuallaşır
Fazil Mustafa: “Təəssüf ki, inzibati üsuldan da başqa yol yoxdur” Əhməd Qəşəmoğlu: “Qanunun qəbulu doğru addım olardı”

Azərbaycanda yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir.  Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında çıxış edib.

Deputat qeyd edib ki, bununla bağlı ziyalılar da, deputatlar da çıxış ediblər, oradan vəsait əldə edən insanlar bunun qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər, nəticədə bu proses davam edir.  S.Novruzov bu sahə ilə bağlı qanun qəbul edilməsinin zəruriliyini qeyd edib. 
Digər millət vəkili Fazil Mustafa isə məsələyə belə münasibət sərgiləyir: “Bu məsələnin arxasında maraqlı qüvvələr dayanır. Ancaq nəzərə alaq ki, Azərbaycan toyları artıq vəhşiləşmiş adətə çevrilib. Toylarımız insan səhhəti, hətta insan azadlığı üçün böyük zərərdir. Maddi cəhətdən də insanları sıxan prosesdir. 
Maraqlısı odur ki, insanların özləri də öz vəziyyətlərini düzəltmək istəmirlər. Odur ki, problemin həll edilməsi üçün alternativlər verilməlidir. Amma təəssüf ki, inzibati üsuldan da başqa yol yoxdur. İnsanlarımız faydası olanları çox zaman tətbiq etməyi istəmirlər. Məsələn, Xəzər kimi dənizimiz və sahili var. Təəssüf ki, onun sahili çox boş olur. İnsanlar burada idmanla məşğul olmurlar. İnsanlar ağrıyandan sonra həkimə müraciət edirlər. Özlərinə təsəlli verirlər ki, müalicə olundular. Yəni, sağlamlıqlarına aid olan funksiyaları vaxıtnda yerinə yetirmirlər”.
Sosioloq Əhməd Qəşəmoğlu isə bunun düzgün təklif olduğunu düşünür: “Çünki, artıq bu məsələdə maarifləndirmə, izahat işlərinin heç bir effekti yoxdur. Odur ki, inzibati müdaxiləyə ehtiyac yaranıb. Bununla bağlı qanun da qəbul edilməlidir. 
20 ildir ki, insanlar toylardan gileylənirlər. Bundan başqa, 10 ilə yaxındır ki, kütləvi informasiya vasitələri bu məsələdən yazır. Toylar artıq sosial bəlaya çevrilib. Ancaq təəssüf ki, insanların zəif damarından tutub bu istiqamətdə işlər aparanlar var. Ona görə də qanunun qəbulu doğru addım olardı. Nəzərə alaq ki, bu, müəyyən səviyyədə Naxçıvanda tətbiq edilib.  Qanun qəbul olunmasa da, toy və yas mərasimlərinin aşırı dərəcədə keçirilməsinin qarşısı alınıb. Normal nəticələr də var. Yəni, Bakıda da bunu etmək mümkündür. Amma bunu kəskin də həata keçirmək gərginliyə səbəb ola bilər. 
Nəzərə alaq ki, cəmiyyət günü-gündən mürəkkəbləşir. Elə tədbirlər görülməlidir ki, prosesin iştirakçıları da problemin həllinə köməklik göstərsinlər. Ona görə ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Amma elə edilməlidir ki, restoran, mərasim zallarının sahibləri də həmin obyektlərdən müəyyən qədər faydalana bilsinlər.  
Bundan başqa şou-biznesə ciddi nəzarət lazımdır. Orta səviyyəli müğənni bir toyda elə məbləğ pul alır ki, Xan Şuşinski kimi korifey il ərzində onu qazana bilməzdi. Yəni, bu işdə bir-birinə bağlı zəncirvari məsələlər var. Yaxşı olar ki, bununla bağlı kompleks fəaliyyət planı hazırlansın. Qanunvericilik bu məsələnin bir tərəfidir. Qanunvercilikdən başqa tərəflər də var. Lakinin qanunun qəbul olunması vacib şərtdir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz