Əlaqə Arxiv
news Image
2018.10.04
12:59
| A A A
Naxçıvan səhiyyəsində daha bir ilkə imza atılıb

Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahiyyə şöbəsinin həkimləri Səfər Qədimov və Həbib Məmmədov tərəfindən muxtar respublika səhiyyəsində ilk dəfə laparoskopik total histerektomiya əməliyyatı həyata keçirilib. Hazırda həkim nəzarəti altında olan xəstə tam sağalmaq üzrədir.

Muxtar respublikanın Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı, əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyatlar az zədəli olur, əməliyyat sonrasında qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar edilmir, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul sayılır.

Əməliyyatın icraçılarından olan gənc həkim Həbib Məmmədov 2015-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Həmin ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahiyyə şöbəsində həkim-rezident kimi fəaliyyətə başlayıb. Cari ilin iyul-sentyabr aylarında Türkiyə Respublikasının Kocaeli Universitetinin xəstəxanasında laparoskopiya üzrə kurs keçib.

Digər həkim Səfər Qədimov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında əməliyyat blokunun müdiridir. Təcrübəli mütəxəssis bu xəstəxanada çalışdığı üç il ərzində onlarla xəstənin həyatını xilas edib. O, Naxçıvan səhiyyəsinin təcrübəli cərrahlarından biri kimi fəaliyyət göstərir.

Son illər müayinə və müalicə proseslərində ilklərə imza atılması naxçıvanlı həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, ürək damarlarına stend qoyulması, laparoskopik, lor, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb.

Sizin Reklam Yeriniz