Əlaqə Arxiv
news Image
2018.10.04
13:17
| A A A
Cəbrayılın düşməndən azad olunan Cocuq Mərcanlı kəndində şəkər çuğunduru yığımına başlanılıb

İyirmi dörd illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada bir sıra tədbirlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr qarğıdalı, şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər. Hazırda kənddə şəkər çuğunduru yığımına başlanılıb.

Bu il ilk dəfə şəkər çuğunduru becərən kənd sakini Oqtay Həziyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində sahələrdən yüksək məhsul götürdüyünü deyib: "Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. 24 il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. 8 hektarda şəkər çuğunduru becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etmişik. Məhsulumuz boldur. Növbəti illərdə şəkər çuğunduru əkinlərini daha da genişləndirəcəyəm".

Məhsul yığımında kəndin digər sakinləri də iştirak edirlər. Cocuq Mərcanlı sakini Şahsənəm Həsənova bildirib ki, kənd işğal olunanda 11 yaşı var idi. “24 illik didərginlik həyatından sonra öz kəndimizə dönmüşük. Burada kənd təsərrüfatı ilə məşğuluq. Güzəranımız da yaxşıdır. Doğma torpağımızı əkib-becərir, bol məhsul yetişdiririk. Bizə bu şəraiti yaradan dövlətimizə, Prezidentimizə və ordumuza “çox sağ ol” deyirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşayış mümkün deyildi. Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bu qələbə nəticəsində cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.

Sizin Reklam Yeriniz