Əlaqə Arxiv
news Image
2018.10.05
09:15
| A A A
Əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək
“Qara qızıl”ın bahalaşması birjalarla bərabər, iqtisadi həyatı da canlandırır

Dünya bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 86 dolları ötüb. Bu, 2014-cü ilin noyabrından bəri ilk dəfə birjaları silkələyən ən yüksək qiymətdir. Belə görünür ki, 2016-ci ildə siyasi məqsədlərlə süni surətdə endirilən qiymətlərə iri supergüclərin təsir qüvvəsi itib. İndi bazar yenidən qiymətləri tənzimləməyə başlayıb. Ekspertlərin təhlilinə görə, hətta qiymətlərin bir barrel üçün 100 dollara çatması və bəzi hallarda onu aşması da gözləniləndir. Buna səbəb kimi İrandan neft tədarükünün azalması göstərilir.

Düzdür, İran məsələsi də siyasi çalarlar kəsb edir. Belə ki, ABŞ bu ölkəyə sanksiyalar tətbiq edir və nəticədə onun neft alıcıları günbəgün azalır. Təbii ki, alıcı olmayandan sonra hasilat da azalır və qıtlıq yarandığından tələbat artır ki, bu da qiymətlərə təsir edir.
Beləliklə, neftin qiymətləri artdıqca neft ixrac edən ölkələrin gəlirləri də artır. Azərbaycan da bu sırada yer alır və bu ildən etibarən enerji daşıyıcılarına görə ölkənin valyuta ehtiyatlarında nəzərəçarpan artım müşahidə olunur. Bəs, bu artım ölkə iqtisadiyyatına nə verə bilər? İqtisadçı-ekspert Vüqar Bayramovun təbirincə, ilk növbədə Azərbaycanın tikinti sektorunda yeni yüksəliş mərhələsinin başlaması qaçılmazdır. Bu mülahizənin ciddi əsaslara malik olması şübhəsizdir. Çünki, müstəqillikdən əvvəlki dövrdə mərkəzi hakimiyyət gəlirlərin əsas hissəsini ittifaq büdcəsinə yönəltdiyindən yerli inkişafa az vəsait qalırdı. Bununla əlaqədar 100-200 il əvvəllərin tkililəri respublikamızda, ən çox da paytaxtda müasir inkişafın tələblərinə cavab vetmədiyindən dəyişilməsi məsələsi gündəmdədir. Əhali də daha müasir və rahat mənzillərə köçmək arzusundadır. Bu tərəfdən də pul varsa, tikinti nə üçün də olmasın. Əhalinin mənzillə təminatı hökumətin də başlıca sosial qayğılarındandır. Buna görə də tikinti sektorunda canlanma real və zəruri məsələdir.
Bundan başqa Azərbaycan dövləti sosial mahiyyətlidir. Sosial müavinətlərin, pensiyaların, əllillərin və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, tibbin və təhsilin inkişafına daha çox vəsaitin ayrılması birmənalı şəkildə gözləniləndir. Yəni, bu həmişə belə olub və bu tendensiya davam edir. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, hökumətin məqsədi xalqın rifahının daha da yaxşılışdırılmasıdır. 
Neftin qiymətinin artması fonunda qeyri-neft sektoruna daha çox investisiyanın yönəldilməsi də təbii görünür. Əvvəlki dövrlərdə infrastrukturla bağlı ayırmalar həyata keçirilib. İndi ila bilər ki, dövlət qeyri-neft sektorunda konkret  layihələrin maliyyələşdirilməsini həyata keçirsin. Xüsusən istehsal sahələrinin inkişafına dəstək üçün maliyyələşdirilməyə ehtiyac duyulur. Neftin hazırkı qiyməti hökumət üçün qeyri-neft sektoruna yönələn investisiyanın formalaşdırılması baxımından bir baza rolunu oynaya bilər. 
Əhalinin bilavasitə istehsalla bağlı məşğulluğunun artırılması, sahibkarlığın, kəndli-fermer təsərrüfatlarının genişləndirilməsi qarşıda duran mühüm problemlərdir və bu sahələrin investisiyaların, dövlət yardımının artırılması işlərin daha rəvan getməsini gücləndirə bilər.  
İndi Azərbaycanda iri aqroparklar, Texnoparklar, regionlardakı sənaye məhəllələri uğurla fəaliyyətə başlayıb və ildən-ilə işlərini genişləndirirlər. Qısa müddətdə yaradılmış qeyri-neft sənaye sahələrində ən mükəmməl texnologiyalar əsasında müasir standartlara cavab verən məhsullar istehsal olunur. Lakin hələlik bolluq yaratmaq üçün çox işlər görülməlidir. 
Vüqar Bayramov bildirib ki, Azərbaycanda yeni fiskal qaydalar tətbiq olunacaq və buna əsasən öncəki illərdə büdcədə  vəsait çatışmazlığı səbəbindən təxirə salınan layihələrin yenidən gündəmə gəlməsi ilə bağlı qərarı Maliyyə Nazirliyi verəcək: “Neftin qiyməti yüksək qalsa belə, çox böyük layihələrin maliyyələşdirilməsi arzuolunan deyil. Daha yaxşı olar ki, birbaşa sərmayə qoyuluşları, yeni iş yerləri yaradacaq layihələr həyata keçirilsin. Çünki nəticə etibarilə qeyri-neft sektorunun inkişafı üçün bu əsasdır. Fiskal qaydalara əsasən nisbətən xərcli layihələrin maliyyələşdirilməsi həyata keçirilməyə bilər.Amma təbii ki, bununla bağlı son qərar Maliyyə Nazirliyi tərəfindən veriləcək”.
N.NOVRUZ

Sizin Reklam Yeriniz