Əlaqə Arxiv
news Image
2018.10.09
11:35
| A A A
Bakıda metrosunda qadın maşinist olacaq? - FOTO

"Bakı Metropoliteni" QSC-nin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

Movqe.az xəbər verir ki, seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib. İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.

Seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb. Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub. Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

 

Xatırladaq ki, buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir.

Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü veriləcək.

Sizin Reklam Yeriniz