Əlaqə Arxiv
news Image
2018.10.11
07:00
| A A A
Regionların inkişafında yeni mühüm mərhələ başlanır
Musa Quliyev: “Dördüncü proqramın həyata keçməsi fonunda regionların harmonik inkişafına nail olmaq mümkün olacaq”

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev regionların inkişafı ilə bağıl dördüncü proqramın hazırlandığıın diqqətə çatdırıb: “Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin”.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafıda dair bu günə qədər 3 proqram həyata keçirilib. Həmin proqramların icrası nəticəsində Azərbaycanın regionları da əhəmiyyətli dərəcədə dəyişib. Məhz regionların inkişafının nəticəsidir ki, cari ilin ötən müddətində bölgələrdən vergi daxilolmaları 508 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox olub. 
Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, dördüncü proqramın həyata keçməsi fonunda regionların harmonik inkişafına nail olmaq mümkün olacaq: “Tarixi bir proqramdır. Bu günə qədər həmin istiqamətdə qəbul olunan 3 proqramın hər biri çox uğurla həyata keçib. Bu proqramlar nəticəsində nəinki təkcə Azərbaycanın regionları, ümumiyyətlə, ölkəmizin iqtisadi, sosial, demoqrafik mənzərəsini müsbət mənada dəyişən və yeniləşən proqramlar olub. Məhz bu proqramların qəbulundan sonra ölkənin regionları üzvi surətdə inkişaf etməyə başladı.
İnfrastruktur qurulub, su, qaz, elektrik xətləri, yollar tikilib. Ondan sonrakı mərhələdə isə şəhər və kəndlərimizin abadlaşdırılması prosesi başlandı. Sosial obyektlər tikildi, iş yerləri açıldı. Üçüncü proqram çərçivəsində isə proses yeni emal sənayesinin yaradılması, yeni istiqamətlərin, xüsusən turizm, ekologiya, kənd təsərrüfatı sahəsində perspektivli və gəlir gətirən sahələrin işə düşməsilə xarakterizə olundu. Nəhayət, bu proqramın sonu olaraq artıq Azərbaycan kəndi ölkənin daha sürətlə inkişafına öz töhfəsini verməyə başladı. 2016-cıilin sonunda cənab Prezidentin verdiyi sərəncamla həyata keçirilən strateji yol xəritələri də uğurla tətbiq olunur. Bu yol xəritələrinin tətbiqi, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü proqramın həyata keçməsi nəticəsində Azərbaycanda vaxtilə uğurla fəaliyyət göstərən, amma son dövrlər unudulmuş pambıqçılıq, baramaçılıq, tütünçülük, xalçaçılıq kimi vacib və gəlirli sahələr yenidən dirçəlməyə başlayıb. Məhz həmin sahələrin işə düşməsinin nəticəsidir ki, hazırda 100 minlərlə kənd sakini, xüsusən də xanımlarımız yüksək gəlirli işlərlə təmin olunublar. 
Eyni zamanda, bu proqramların işə düşməsilə əlaqədar turizm sahəsi də sürətlə dirçəlir. Artıq bu sahədən gələn gəlirlər də ölkəmizin iqtisadiyyatına öz töhfəsini verməkdədir. 
Yeni, dördümcü proqramın düşünürəm ki, əsas məqsədi Azərbaycan brendi adı altında istehsal edilən məhsulların ölkədən kənara göndərilməsi, ixracına daha geniş stimul verəcək, imkanlar yaradacaq. Xaricdə fəaliyyət göstərən Azərbaycan Ticarət evləri, Azərbaycan Şərab evləri və s. dünya ölkələrini bürüyəcək. Həmçinin, xalçaçılığın inkişafı ilə bir tərəfdən Azərbaycan mədəniyyəti daha geniş şəkildə dünyaya təbliğ olunacaq, digər tərəfdən gəlir gətirəcək. 
Regionların inkişafına dair dördüncü proqramda mühüm məsələlərdən biri də kənd yerlərində yaşayan insanların mədəni, sosial  həyat səviyyələrinin yüksəlməsinə gətirib çıxarması olmalıdır. Artıq kəndlərin şəhərləşməsi prosesinə getməliyik. Proqramda kənd yerlərində də şəhərdə olan sosial infrastruktur yaradılması, kənddə yaşayan insanların asudə vaxtlarını rahat və mənalı keçirmələri, informasiya-kommunikasiya texnologiyasının bölgələrdə daha geniş şəkildə tətbiq olunması və s. məsələləri özündə əks etdirəcək. Əsas strateji məqsədimiz Azərbaycan regionlarının harmonik inkişafına nail olmaqdır. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilməsi gözlənilən dördüncü proqramda məhz bunlara nail olacağıq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz