Əlaqə Arxiv
news Image
2018.10.12
09:30
| A A A
İctimai nəqliyyatda xaosa son qoyulur
Azər Allahverənov: “İclasda səsləndirilən fikirlər şirkətlər üçün mesaj olmalıdır” Ərşad Hüseynov: “Yüksək səviyyədə xidmət göstərən şirkətlərə güzəştlər tətbiq oluna bilər”

İctimai nəqliyyatda yaranan problemələrə bu dəfə ən yüksək – Prezident səviyyəsində toxunuldu. Belə ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dövlətin bu sahədə daha fəal olacağını bildirib. Mütəxəssislərin fikrincə, ölkə rəhbəri səviyyəsində toxunulması problemin əsaslı şəkildə aradan qalxacağına ümid yaradır. Artıq bir neçə gündür bu istiqamətdə əməli addımlar atılmaqdadır. 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, iclasda cənab Prezident kifayət qədər aktual məsələlərə toxundu: “Məsələn, iradlardan biri nasaz avtobusların xəttə buraxılması oldu. Şirkətlərə müraciət edildi ki, xəttə buraxılan avtobuslar istismara yararlı olmalıdır. Ancaq məlumdur ki, şirkətlər çox zaman öz maraqlarını düşünürlər. Məsrəf xərcləmədən xidmət göstərməyə çalışırlar. Nəticədə xəttə texniki parametr baxımından yararlı olmayan avtobuslar buraxılır. Bunun üçün də ölkə rəhbəri təftişlərin aparılmasını vurğuladı. 
Digər irad isə avtobusların iştirakı ilə baş verən qəzalar oldu. Bu, sükan arxasına əyləşən sürücünün öz məsuliyyətini dərk etməməsi ilə əlaqələndirildi. Psixoloji, narkoloji durumu, peşəkarlığına ciddi nəzarət olunmur, deyə irad tutuldu. Yəni, sürücü hazırlığına toxunuldu. Digər toxunulan məsələ isə aidiyyatı qurumların nəzarətinin zəif olmasıdır. Cənab Prezident qeyd etdi ki, bu kimi hallara aidiyyatı qurumlar ciddi nəzarət etməlidirlər. Yəni, aidiyyatı strukturların nəzarətinin gücləndirilməsinə çağırış edildi. 
Digər tərəfdən, “Baku-Bus”un fəaliyyətinin müsbət fəaliyyətinə toxunuldu. Yəni, şirkətlər üçün nümunə məhz “Baku-Bus” MMC olmalıdır. Şirkətlər xidmətlərini məhz “Baku-Bus”ın xidmət səviyyəsinə uyğun qurmalıdırlar. Nəticə etibarı ilə ictimai nəqliyyatda müsbət nəticələr yaradacaq qərarlar verilməlidir. İclasda səsləndirilən fikirlər şirkətlər üçün mesaj olmalıdır. Onlar sadalanan məsələləri xüsusi nəzərdən keçirməli, sərmayə qoymaqdan çəkinməməlidirlər. Əks halda Bakı Nəqliyyat Agentliyi həmin təşkilatların sərnişindaşıma ilə bağlı fəaliyyətlərinin dayandırılması ilə bağlı qərar verə bilər. İctimai nəqliyyatda müsbət nəticələ əldə etmək istəyiriksə, kardinal dəyişikliyə ehtiyac var”.
Nəqliyyat məsələləri üzrə digər ekspert Ərşad Hüseynov da ictimai nəqliyyatda probemlərin olduğunu qeyd etdi: “Problemlər hətta o dərəcədə ciddidir ki, Prezident səviyyəsində ölkənin ümumi inkişafına həs olunmuş müşavirədə səsləndirilir. Nəqliyyat problemlərinin həll edilməsi üçün müvafiq dövlət orqanları zəzuri addımlar atmalıdırlar. Dövlət vəsait ayırsa və nəzarət gücləndirilsə, ciddi nəticələr əldə etmək mümkündür. Bunun başqa yolu da yoxdur. 
İlk növbədə yeni avtobuslar alınmalıdır. Bu da sanballı vəsait tələb edir. Yəni, vəsait ayrılmalıdır. İkinci halda sərnişindaşıma şirkətləri arasında qiymətləndirmə aparılmalıdır. Yüksək səviyyədə xidmət göstərən  şirkətlərə güzəştlər tətbiq oluna bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz