Əlaqə Arxiv
news Image
2018.10.24
09:00
| A A A
Azərbaycandan xarici daşınmaz əmlak bazarına yenə böyük pullar axır
Vüqar Oruc: “Bu, həm də vətəndaşlarımızın Türkiyəyə olan münasibətdən irəli gəlir” Rəşad Əliyev: “Türkiyənin daşınmaz əmlak bazarında investisiyaların artacağı gözlənilir”

Türkiyə Statistika İdarəsi məlumatına görə, Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə 763 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252 ev və ya 49% çoxdur. Ekspertlərin sözlərinə görə, bunu şərtləndirən bir sıra amillər var. 

Hazırki vəziyyətdə xüsusən lirənin ucuzlaşması göstərilir. "Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak almaları yeni hal deyil: “Qonşu ölkədə daşınmaz əmlakın qiyməti burdakı qiymətlərə nisbətən daha sərfəli olub. Bu da insanları daha çox cəlb edir. 
Eyni zamanda son zamanlar bu prosesin daha sürətli getməsini şərtləndirən səbəb var. Bu, Türkiyədə baş verən iqtisadi proseslərlə bağlıdır. Məlumdur ki, hazırda Türkiyə iqtisadiyyatında böhran yaşanır. Buna görə də türk lirəsinin məzənnəsinin kəskin düşməsi fonunda orada daşınmaz əmlakın qiyməti Azərbaycan vətəndaşları üçün cəlbedici olub. O baxımdan Azərbaycan vətəndaşları Türkiyədə daha çox mənzil alıblar. Proses bundan sonra da davam edəcək. Bu, həm də vətəndaşlarımızın Türkiyəyə olan münasibətdən irəli gəlir. Hər bir Azərbaycan vətəndaşı hər zaman turistik səfərlərində, əmlaka sahib olmaq, investisiya yatırmaq istəklərində ilk növbədə Türkiyəni nəzərdən keçirirlər. Bu proses həm də Türkiyə iqtisadiyyatına bilərəkdən-bilməyərəkdən bir dəstəkdir”.
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev də prosesi eyni amillə əlaqələndirir: “Türkiyə lirəsi dollara nisbətdə kəskin ucuzlaşdı. Bu amil valyutası lirəyə nisbətdə güclü olan ölkələr üçün mənzil bazarını cəlbedici etdi. Amma bu vəziyyət müvəqqəti ola bilər. 
Nəzərə alaq ki, manatın devalvasiyasında da eyni vəziyyət yaranmışdı. Bununla belə Türkiyənin daşınmaz əmlak bazarında investisiyaların artacağı gözlənilir. Hazırda yerli bazarda durğunluqdur. Amma yerli bazarda qiymət azalması gözlənilmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz