Əlaqə Arxiv
news Image
2018.10.24
13:21
| A A A
İngilis dili fənnindən repetirora təlabat niyə kütləviləşib?-Səbəbi...
Kamran Ağayev: “Yeni imtahan modelinin tətbiqi və buraxılış imtahanlarına ingilis dili fənninin daxil edilməsi bu fənn üzrə tədrisin aşağı səviyyədə olmasını üzə çıxartdı”

İngilis dilindən repetiror hazılığı kütləviləşir

Kamran Ağayev: “Yeni imtahan modelinin tətbiqi  və buraxılış imtahanlarına ingilis dili fənninin daxil edilməsi bu fənn üzrə tədrisin aşağı səviyyədə olmasını üzə çıxartdı”


Övladını ali təhsilli görmək hər valideynin arzusudur. Bu arzuya çatmaq üçün valideynlərin əksəriyyəti çıxış yolunu dərsdən sonra uşaqların repetitora müraciət etməsində görürlər. Orta məktəblərdə buraxılış imtahanlarının və ali məktəblərə qəbulun modelində olan son dəyişiklik isə repetitora üz tutanların sayını daha da artırıb. Övladı 9-cu sinifdə oxuyan Nəzakət Muradova da iki övladını repetitor hazırlığına göndərdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 2019-cu ildə abituryentlərin buraxılış və qəbul imtahanlarının toplanmış nəticəsi əsasında ali məktəb seçməsi, eləcə də şagirdlərin bu imtahanlarda biliyinin xarici dil üzrə qiymətləndirilməsi onu da təlaşa salıb: “Yeni imtahan modelinə görə, şagirdlərin oxuyub, dinləyib anlamasını, riyazi bacarıqlarını yoxlamaq üçün yeni açıq tipli tapşırıqlardan istifadə ediləcək. Onlar həm ana dili, həm də  riyaziyyat, xarici dil fənləri üzrə imtahan olunacaqlar. Ona görə də məcburam ki, uşaqları xarici dildən də repetitor yanına göndərəm. İki uşağın hazırlıq xərci baha olduğundan, birini Bakıda məktəbdən çıxardıb Ağdamın Quzanlı qəsəbəsində, nənəsinin yanında həm məktəbə, həm də hazırlığa göndərirəm”deyir həmsöhbətimiz…
Buraxılış imtahanlarının və ali məktəblərə qəbulun modelində olan son dəyişiklik xüsusilə ingilis dilindən repetitor hazırlığı keçən müəllimlərə tələbatı artırıb. 
Bakı məktəbində İngilis dili fənnini tədris edən Sevinc Məmmədova deyir ki, buraxılış imtahanlarında bu dildən dinləmə bacarığının yoxlanılması valideynlərdə də təlaş yaradıb: “Ənənəvi imtahan sistemi ilə yeni tətbiq olunacaq buraxılış imtahanı arasındakı əsas fərq fənlərin siyahısına ingilis dilinin əlavə olunmasıdır. İngilis dilindən şagirdə 15 sual təqdim olunacaq. Ondan 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. Şagird müəyyən mətni dinlədikdən sonra tapşırıqları cavablandıracaq. Əsas tələb də odur ki, şagirdlərin xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın. Ona görə də, bu ildən ingilis dili hazırlığına tələbat artıb”.
Təhsil üzrə ekspert Kamran Əsədov da Movqe.az-a açıqlamasında imtahan modelində olan son dəyişikliyin ali məktəblərə qəbulu çətinləşdirdiyini, repetitorlara olan tələbatı daha da artırdığını söyləyir: “Onsuz da indiyə qədər də repetitor yanına hazırlığa getməyən məzunların ali məktəbə qəbul olunması çətin idi. Amma yenə də istisnalar vardı. İmtahan modelindəki dəyişiklik isə artıq bunu mümkünsüz edib”.   
 K. Əsədov deyir ki, repetitorlara tələbatın kökündə ali məktəblərə qəbul imtahanlarının qəliz olması dayanır: “İkinci əsas səbəb isə ölkədə təhsilin səviyyəsinin aşağı olmasıdır. Təhsilin səviyyəsinin aşağı olmasında isə müəllimlərin əmək haqqının aşağı olması dayanır. Bu gün Azərbaycanda ali məktəblərə, eləcə də orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları dünyada ən çətin imtahan modeli hesab olunur. Bu gün barmaqla sayılacaq sayda şagird orta məktəblərdə əldə etdiyi biliklərlə ali məktəblərə qəbul oluna bilir”.
Son günlər ingilis dili müəllimlərinə tələbatın artmasını isə ekspert həm imtahan modelində olan dəyişiklik, həm də orta məktəblərdə ingilis dili fənninin tədrisinin zəif olması ilə əlaqələndirir: “İndiyə qədər buraxılış imtahanlarında ingilis dili yox idi. Bundan əlavə şagirdlər xarici dildə dinləmə və anlama  bacarıqlarına görə sınağa çəkilmirdilər. Amma 2019-cu buraxılış və ildən qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq. Valideynlər də, elə məktəblərdə ingilis dilini tədris edən müəllimlər də yaxşı bilir ki, məzunlar bu imtahandan üzüağ çıxmayacaq. Ona görə də, elə indidən çarəni bu fəndən repetitora müraciət etməkdə görürlər. Ali məktəbə qəbul imtahanlarının nəticələrini təhlil etsək görərik ki, ən bərbad nəticə xarici dil, əsasən də ingilis dilindədir. İlk növbədə bu ümumtəhsil müəssisələrində ingilis dili tədris edən müəllimlərin bilik və bacarıqlarının çox aşağı səviyyədə olması ilə bağlıdır. Təhsil nazirliyiyinin 2014-cü ildə keçirdiyi müəllimlərin diaqnostik imtahanında 45 faizə qədər ingilis dili müəlliminin bilik səviyyəsinin bu dil üzrə çox aşağı olduğu üzə çıxdı. Müəllimlərin işə qəbul imtahanında heç bir ingilis dili müəllimi maksimum nəticə göstərə bilmədi. Təbii ki, özü maksimum nəticə göstərə bilməyən müəllim qarşısındakına yüksək səviyyədə bilik verə bilməz. Əgər dövlət büdcəsindən xarici dilin tədrisi üçün vəsait ayrılırsa, deməli  ingilis dili dərsində müəllim şagirdlərlə ingilis dilində danışmalı, onların bu dildə dinləyib anlama bacarığına yiyələnməsi üçün zəhmət çəkmılidir. Amma ümumtəhsil müəssisələrində ingilis dilinin tədrisi o qədər aşağı səviyyədədir ki, müəllimlər 2019-cu ildə həyata keçiriləcək yeniliyə, buraxılış imtahanında dinləmənin tətbiqinə etiraz etməyə başladılar. Halbuki, indiyə qədər onlar öz şagirdlərinə bu bacarığı aşılamalı idilər. Ona görə də diaqnostik qiymətləndirmə zamanı nəticəsi aşağı olan müəllimlər sistemdən uzaqlaşdırılmalı, vakant yer olmadığı üçün iş növbəsi gözləyən, daha müasir standartlara cavab verən, bilik bacarıqları yüksək olan müəllimlər işə gətirilməlidir. Bu gün bizim 4500-ə yaxın ümumtəhsil məktəbimizdə 151 min müəllim çalışır. Onların yarıya qədərinin biliyi öz ixtisasına görə 50 faizdən aşağıdır. Biz onları sistemdən azad etməli, əvəzinə yüksək bal toplamış, amma vakant yer olmadığı üçün işsiz qalan müəllimləri məktəbə işə götürməliyik. Bu gün repeitorluğun kütləvi hal almasının səbəbi orta ümumtəhsil məktəblərdə tədrisin səviyyəsinin aşağı olması və hesabatlığın, nəticəyönümlülüyün olmamasıdır”.
K. Əsədov deyir ki, bu gün orta məktəblərdə bilik səviyyəsi qismən yüksək olan müəllimlər də öz biliklərini məqsədli şəkildə şagirdlərə vermir: “Müəllimlərin özləri məktəbdə savadsızlar mühiti formalaşdırır ki, şagirdlər dərsdən sonra ödənişlə onlardan bilik alsınlar”.
Ona görə də, ekspert repetitor hazırlığında kütləviliyin qarşısını almağın yolunu ali məktəblərə qəbul imtahanlarının asanlaşdırılmasında, müəllimlərin işə qəbulunun sərtləşdirilməsində, savadsız müəllimlərin işdən kənarlaşdırılması üçün qanunvericilikdə müəyyən dəyişikliklərin aparılmasında görür”.

Zülfiyyə QULUYEVA  

  

Sizin Reklam Yeriniz