Əlaqə Arxiv
news Image
2018.10.24
15:44
| A A A
Samsunda yaşayan... Azərbaycan

Qardaş Türkiyənin Qara dəniz sahilində yerləşən ən böyük liman şəhəri Samsun tarixinin yeni dövrü ilə baş-başa olsa da keçmişinin yadigarlarını da qəribə bir təmkin və nəvazişlə sinəsinə sıxmaqdadır. Başı dağlar üstündə əlçatmaz buludlara dəyən şəhər ayaqlarını Qara dənizin sularında isladan nəhəng bir insana bənzəyir. Müasir tikinti və şəhərsalma memarlığı ilə adamı təəccübləndirən, həm də ruhlandıran şəhər miladdan öncə 750-760-cı illərdə Amisos adı ilə qurulsa da sonralar tarix boyunca Anadolu sivilizasiyalarının yaşadığı məkanlardan olmuşdur. Təbii ki, bu qədim tarixin az qala hər bir səhifəsinə - Amazon Köyü, Amazon Adası, Təkkəköy Mağaraları, Amisos Təpəsi, Böyük Cami, Gökcəli (Çivisiz) Cami, Fazil Əhmət Paşa mədrəsəsi, Sivrikəsə Cami, Mater Dolorosa Katolik Kilisəsi, Qasımzadə Əhməd Sufi Camisi, Saat Qulləsi, Gazi Muzeyi, Alacam Mübadilə muzeyi, Bandırma Vapuru, Lerdüge Tümülüsləri kimi tarixi yerləri ilə yer ayıran Samsun böyük Mustafa Kamal Paşanın 19 may 1919-da Milli Mücadilə tarixinin başladığı yer olaraq da qardaş Türkiyənin şanlı tarixinə möhür vurmuşdur.

Bu tarixi böyük bir qürur və fəxr yeri hesab edən samsunlular şəhər mərkəzindəki Atatürk parkında uçaltdıqları Atatürk heykəlini Şərəf abidəsi adlandırmışlar. Atatürk heykəli 1928-1931 illərdə Avstryalı heykəltaraş Heinz Kreppel tərəfindən qurulmuşdur. Doqquz metrə qədər hündürlüyü olan heykəl deyilənə görə dünyada ölçüsü və tarazlığı baxımından ikinci böyük heykəldir. Şahə qalxan at belində oturan əsgəri forma geymiş Atatürk dimdik duruşu ilə türkün güc və cəsarət simvolu kimi görünməkdədir. Üstəlik Böyük Ataturk sevgisini özlərinin torpaq və bayraq sevgisi ilə, həm də həyat sevgisi ilə yanaşı qoyan türklər Atatürk dəyərinin hər bir anından bəhrələnmək, məmləkətin hər bir guşəsində onunla bağlı olan izləri axtarmaq istəklərindən qürurlanmaqdadırlar. Samsunlular da fəxrlə Samsundan Milli Mücadiləyə qalxan Atatürkun əzəmətli heykəlini qoymuş və bu heykəli şəhərin simvoluna çevirmişlər: Atatürkü logomuzdan çıkarmaya kimsənin gücü yetməz! İndi bu heykəl Samsun Universitetinin loqosudur, Samsun Böyükşəhər Bələdiyyəsinin bayrağında, hətta möhüründə belə emblem olaraq yer alır...

Samsunlular qonaqpərvər və istiqanlı olduqlarını ilk təmaslarında büruzə verirlər. Azərbaycanlı olduğumuzu biləndə isə, sanki uzun illərin ayrılığının “günahgarı kimi” daha böyük məhəbbət və sevgi ilə təmas qurmağa, suallar verməyə çalışırlar. Müstəqillik uğurumuzun tarixi bir nailiyyət olduğunu dönə-dönə söyləməkdən və şükranlıqlarını dilə gətirməkdən yorulmurlar. İştirakçısı olduğumuz tədbirlərdə də Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərafdaşlıq məsələləri diqqət mərkəzində idi. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin güclü siyasi iradəsi

nəticəsində baş tutmuş, “Bir millət, iki dövlət” anlamının daha böyük çərçivədə bir daha təsdiqi idi. Dağlıq Qarabağ probleminin həllinin qəsdən ləngidildiyi samsunlu aydınların - 19 Mayıs Universitetinin müəllimləri Öznür Umitin, Sezayi Çağların, Metin Sağlamın və başqalarının həyacan dolu suallarında da hiss edilməkdə idi. Bu söhbətlərin hər birində Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən və bu günündən söhbət açılır. Türkiyənin Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olması, bütün səfirlik və diplomatlarının Azərbaycanın mövqeyindən çıxış etmələri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərinin işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması və Azərbaycanın mövqeyini beynəlxalq tədbirlərdə təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğu və bu əlaqələrin bölgənin inkişafında, siyasi sabitliyin yaradılmasında önəmi vurğulanır.

Samsunda həmyerlilərimiz 19 May Universitetinin professoru Azər Qasımzadə və onun xanımı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Fəridə Qasımzadə ilə görüşümüz Samsun təəsüratlarımızın zəngin və maraqlı bir səhifəsi olur. Düzü, görüşümüz Samsundakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin fəaliyyəti haqqında məlumatlarımızı dərinləşdirmək istəyi ilə bağlı olsa da, maraqlı bir ziyalımızla da tanış olmuşduq: professor Azər Qasımzadə ilə. Uşaqlıq illəri Qarabağ bölgəsi-Ağcabədi və Şuşa ilə, sonralarsa Bakı ilə bağlı olan Azər müəllimlə təsadüfü tanışlığımız gözlənilməz olduğu qədər də, gözlənilməz bir sevinc bəxş etmişdi. Göründüyü kimi də sadə və səmimi bir insan olan professor Bakıda orta məktəbi bitirdikdən sonra Rusiyanın (o vaxtlar SSRİ) paytaxtı Moskvada təhsil almış, elmə marağı və istedadı ilə fərqlənmiş, gənc yaşlarında - 35 yaşında elmlər dokturu adına yiyələnmişdir. Müstəqillik illərində görkəmli alim Azad Mirzəcanzadənin dəvəti ilə Bakıya dönmüş, yeni yaranmaqda olan Ali Atestasiya Komissiyasıda calışmışdır. Sonralar ən müxtəlif xarici ölkələrdən aldığı iş dəvətlərindən birini - Türkiyənin Samsun 19 May Universitetində calışmaq dəvətini qəbul etmiş, 1995-ci ildən də burada çalışmaqdadır.

Azər müəllimin elmi səyləri nəticəsində bu universitetin elmi əlaqələri daha da genişlənmiş, səmərəli layihələri və təklifləri sayəsində böyük təcrübə bazası olan ən modern avadanlıqlarla təhciz olunmuş inşaat mühəndisliyi labarotoriyası yaradılmışdır. Dünyanın Kanada, Yaponiya, İsveçrə, Niderland kimi ölkələrinin, NATO hərbi birliyinin, neft emalı nəhənglərinin tikinti layihələrinin işlənməsində onun yaratdığı laboratoriyanın həyata vəsiqə alan işləri universitetə dividetlər qazandırmışdır. Görüşümüzdə Yaponiyadan yeni qayıtdığını bildirən Azər müəllim son çalışmalarının yaponyalı həmkarları tərəfindən böyük rəğbətlə qarşılandığını və Yaponya Elmi Dəstəkləmə qurumu tərəfındən maliyələşdirilən “Yüksək təhlükəsizlik qurğuları üçün yeni seyismik izolyasiya sistemi (2019-2021)“ adlı layihəsinin qəbul olunduğunu bildirir. Çox şirin ləhcəsində, canında-qanında böyük bir Azərbaycan sevgisi

gəzdirən, Türkiyənin təhsil sistemində ilk onluqda dayanan Samsun 19 May Universitetinin uğurlarında önəmli payı olan, inşaat fakultəsinin rəhbəri, azərbaycanlı professor Azər Qasımzadənin digər tədqiqat işləri ilə tanışlığımız vaxt darlığından baş tutmasa da, qazandığı uğurları bizi sevindirdi. Həm də xaricdə çalışan və böyük elmi mərkəzlərdə tanınan bir alimimizin də Azərbaycan cəmiyyətinə təqdimatı üçün yeni bir mövzu olacağına inam verdi.

Fəridə xanımla söhbətimiz isə Samsunda Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin yaradılması ideyasından başlandı. Əslində söhbətə o, özü başlayaraq dedi ki, biz buraya gələndə Azərbaycan hələ yeni-yeni tanınmaqda idi. Təhsilə gələn tələbələrin sayı da barmaqla sayılacaq qədər az idi. Hələ Moskvada yaşadığımız illərdə qurbətin nə olduğunu hiss etmişdik. Uneversitetdə təhsil alan azərbaycanlılara dəstək olmaq, onların problemlərini həll etmək, hansısa müraciətlərinə kömək etmək sıradakı işlərimizdən idi. Hərdən onlarlı toplayır, bəzi milli bayramlarımızı kiçik bir dairədə də olsa qeyd etməyə çalışırdıq və alınırdı. Hətta hiss edirdik ki, bu Vətəndən, ata-ana nəvazişindən uzaq olan tələbə uşaqlarda yeni həvəs, inam yaradır. Uzun zaman belə görüşlərə şahidlik edən, Azər müəllimin universitet həmkarlarıdan biri təklif etdi ki, Türkiyədə belə özfəaliyyətlərə qanun yol vermir, siz rəsmi bir təşkilat yaradın, qeydiyyatdan keçin və fəaliyyətinizi də rahatca, ölkənin qanunlarına uyğun bir şəkildə davam etdirin. Düzü çox düşünüb-daşınmağa da ehtiyac olmadı, beləcə 2006-cı ıldə Samsun Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi adlandırılan təşkilatı yaratdıq.

- Necə deyərlər fəaliyyətinizi “gizlilikdən” çıxardınız və nə cür qarşılandınız?

- Düzü çox gözlənilməz marağın şahidi olduq. Sanki adamlar bunu çoxdan gözləyirdilər. Burada yaşayan azərbaycanlılar tələbələr idilər və onlarla da ilkin münasibətlər qurulmuşdu, sayları da az olduğundan az qala hər birini adbaad tanıyırdıq. Əslində mənəvi və bəzən də maddi dəstəyə ehtiyacı olanlar da tələbələr idilər. Demokratik və qardaş bir ölkə olan Türkiyədə bu çür fəaliyyətlərə ciddi dəstək də var. Türkiyəli həmkarlarımızın və dostlarımızın təmənnasız yardımlarını ilk günlərdən hiss etdik. Milli bayramlarla, müəyyən tarixi hadisələrlə bağlı olan tədbirlərin daha geniş çərçivədə keçirilməsi və təqdimatı bizi daha da ruhlandırdı. Bir az irəlidə dediyim kimi, Türkiyənin özündə belə o vaxtlar Azərbaycanı hələ yetərincə tanımırdılar, qardaş, dost olduğumuzu söyləyənlər belə xalqımızın başına gətirilən müsibətlərdən, erməni-daşnaq təcavüzünün qurbanlarından xəbərsiz idilər. Hətta az qala məlumatsızlıq ucbatından Qarabağ həqiqətlərinə, bu qədim torpaqlarımızın işğalını başqa çür görənlər də var idi. Belə olanda Azərbaycan həqiqətlərinin qardaş Türkiyədə tanıdılması önəmli idi, bu tədbirlərdə müəllim və tələbələrimizin böyük zəhməti var. Başqa şəhərlərdə-Adanada, İzmirdə, Qarsda, Ərzurumda, Ankarada yaradılmış Azərbaycan dərnəkləri ilə əl-ələ verərək bu müqəddəs işin öhdəsindən gəlməyə çalışdıq və çox şeylərə də nail olduq.

- Bəs maddi dəstəyi haradan əldə edirdiniz?

- Bir az öncə dediyim kimi dərnəyimizin üzvüləri əsasən universitetdə təhsil alan tələbələr idilər. Əslində onların özlərinə maddi kömək lazım idi. Hətta o zaman bəzən valideynlərin göndərdiyi pulu da vaxtlı-vaxtında almaq belə çətin idi. İlkin məramımız uşaqlara çətinliklərdə arxa durmaq idi. Simvolik olaraq 1 türk lirəsi üzvülük haqqı müəyyənləşdirdik, bu böyük bir vəsait deyildi. Bizə önəmli bir maddi dəstək verməsə də ciddi bir stimul yaradırdı. Universitet rəhbərliyinin, Samsun şəhər bələdiyyə və təşkilatlarının köməyi ilə Azərbaycanı tanıdan, müstəqil ölkəmizin uğurlarını, tarixi nailiyyətlərimizi təqdim edən tədbirlərə imza atdıq. Tədricən tanınmağa başlamışdıq. Sonralar tədbirlərimizə Ankaradakı səfirliyimizdən rəsmi nümayəndələr də gəldi, ara-sıra Azərbaycandan da qonaqlarımız olurdu.

- Haqqında danışdığınız Samsun Universitetinin yetirmələri və həm də sizin dərnəyin üzvü olanlar haqqında nə demək istərdiniz?

- Bu barədə çox ətraflı danışmaq olar və onlarca yetirmələrin adlarını çəkmək olar. Ən önəmlisi odur ki, bizim gənclər çalışqan, istedadlı və zəhmətsevərdirlər. Özlərinə inandıqca daha potensiallı və bacarıqlı olduqlarını ortaya qoya bilirlər, bu istək onları irəli aparır, bacarıqlarını təsdiq etdirir. Bu fikirləri söylədikcə, təhsilini başa vurduqdan sonra Azərbaycana dönən, Azərbaycanda çalışan və uğurlar qazanmış bir tələbəmizin, Cavid Həmişəyevin kardiologiya ixtisası üzrə uzmanlıq təhsili illərini yadıma salıram. Cavid istedadlı həkim olmaqla, çox da zəhmətsevər bir gənc idi. Təcürbədə öyrəndiklərinin tətbiqi üçün boş qalan vaxtının bir hissəsini müqavilə ilə çalışdığı özəl klinikada keçirirdi. Samsun İstanbul ilə müqayisədə kiçik olduğundan burada klinikaların sayı da dəfələrlə azdır. Uzman olmağa hazırlaşan Cavid 750 km-ə qədər olan yolu gedib-gəlməyə tənbəllik etməzdi, hətta gecə növbələrində belə qalmaqla həm təcürbi biliklərini möhkəmləndirər, həm də maddi vəsait qazanırdı. Bu zahirən asan görünsə də, çətin və məsuliyyətli bir iş idi. O, vətənə dönəndə də yaxşı bir həkim kimi uğurlarını eşitdik, amma başına gələn faciə onun buradakı tanışlarını, eləcə də bizləri çox məyus etdi. O, buna heç layiq deyidi, bütün istedad və bağcarığı ilə Vətəninə və tibb elminə daha böyük töhfələr verəcək bir gənc idi.

Daha bir uzman həkimin adını çəkmək istərdim: Firdovsi İbrahimov. Çalığqanlığı və dərin biliyi ilə seçilərdi, uzmanlıq təhsilini Samsunda aldı. Türkiyədə qalmaq, burada çalışmaq şansı böyük idi, amma Azərbaycana döndü, yaxşı da etdi, ola bilsin ilk vaxtlarda bəzi çətinliklərlə də qarşılaşdı, amma əməli ilə vətənpərvərlik nümunəsi göstərdi. Səhv etmirəmsə Mərkəzi Klinik Xəstəxanada çalışır, sayılıb-seçilən həkimlərdəndir. Kardioloq dosent Fərid Əliyev ATU-da, uşaq həkimi Əli Guliyev Güven, radioloq Kamran Yaqubov Mərkəzi Klinik, radioloq dosent Nüşabe Kaya İstanbul Medikal Park xəstəxanasında, plastik rekonstruktiv cərrah Taleh Nemətzade Azərbaycanda “Medistyle”, Reyhan Babayeva İstanbul göz, kardioloq Mehman Ağamalıyev Azərbaycan Zəfəran klinikasında, onkoloq Əhməd Namazov İsraildə Ben

Gurion Universitetinde, diş həkimleri Elçin Abbasov, Vuqar Qurbanov da Bakıda çalışırlar. Bu siyahını bir xeyli artırmaq da olar. Türkiyənin ən müxtəlif şəhər və bölgələrində çalışan mütəxəssislərimizin sayı indi lap çoxdur. Samsunda müxtəlif ixtisaslar üzrə təhsil almış, hal-hazırda Azərbaycanda, Türkiyənin bir çox şəhərində, Almanyada, İsraildə çalışan çox bacarıqlı gənclərimiz var. Fəxrlə deyə bilərəm ki, Azərbaycanımızın adını, şərəfini uca tutmaq onların hər birinin mənəvi borcu olmaqdadır.

- Son dövrdəki fəaliyyətiniz haqqıda nə deyərdiniz?

- İndi kontingentimiz xeyli genişlənib. Dərnək Türkiyənin təhsil sistemində ilk onluqda yer alan On Dokkuz May Universitetində calışan müəllimləri və universitetin müxtəlif fakultələrində təhsil alan tələbələri birləşdirir. 450 nəfərə qədər azərbaycanlının təmsil olunduğu dərnək bölgədə Azərbaycanın tanıdılmasında və ölkəmizlə bağlı tədbirlərin təşkilində əhəmiyyətli rol oynayır. Keçirdiyimiz tədbirlər daha genişmiqyaslı və əhatəlidir. Türkiyə də biz azərbaycanlılar üçün müqəddəs Vətəndir. Amma canı-dildən bağlı olduğumuz Azərbacanın uğurları bizim hər birimiz üçün əvəzi olmayan töhfədir. Müstəqillik tariximizin bizə bəxş etdiyi bu böyük dəyəri qiymətləndirmək, ona önəm vermək bir an belə unutmayacağımız həqiqətdir.

... İndi Bakıda bu sətirləri yazanda fikrimdən keçənləri anlada bildiyim qədər də anlatmadığım çox şeylərin qaldığının fərqində idim. Ən ümdəsi isə hələ çox uzaqlarda vətən təəsübü çəkənlərin Vətən sevgisinin nə qədər böyük olduğunu duymamaq mümkün deyil. Qasımzadələr ailəsi onlardan biri olsa belə, özlüyündə onlar da qardaş diyarda, Azərbaycandan min kilometrdən də çox uzaqlarda yerləşən Samsunda yeni bir Azərbaycandırlır. Bəlkə də daha çox saatlarını da Bakı vaxtı ilə qurmaq istəyirlər hərdən. Yadıma o da düşür ki, Samsunun hündür yerlərindən olan Amisos təpələrindən baxanda ayaqlarımız altında qalan şəhəri Bakıya bənzədən Azər müəllim durduğumuz yeri keçmiş Dağüstü Park adlandır, qarşıdakı dənizin isə Xəzər olduğuna az qala bizi inandırmaq istəyir. Səfər yoldaşlarım Qənimət Səfərli, Tahir Aydınoğlu və Şakir Quliyev eşitdiklərini təsdiqləsələr də bilirlər ki, indi Bakıda yox, Bakıya bənzəyən Samsundadırlar. Azər müəllimsə “bələdçiliyinə” davam edir, bu tərəfə yol Bayıla, bu tərəfə isə Baksovetə, Azneft meydanına doğru gedir...

Sonda qeyd edim ki, Qasımzadələr ailəsinin yeganə övladı olan Fərid də həkimdir. Tibb təhsilini 19 May Universitetində tamamlayaraq Ankara Tibb Universitetində ürək ve damar cərrahiyəsi ixtisasi üzrə uzmanlıq təhsili almışdır. Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin qurucu üzvlərindən olan Fərid “Ankara Yüksək İxtisas Eğitim-Araşdırma Xəstəxanası”nda ürək-damar cərrahı olaraq çalışmakdadır. Demək hələ yazılası, tanıdılası yeni qəhrəmanlar da var...

Namiq Əhmədov,

Əməkdar Jurnalist.

Samsun-Bakı

Sizin Reklam Yeriniz