Əlaqə Arxiv
news Image
2018.10.25
09:53
| A A A
Miqrasiya qanunvericiliyinin aktual məsələləri ətrafında müzakirələr keçirilib

24 oktyabr 2018-ci il tarixində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın əmək miqrasiyası üzrə işçi qrupunun təşəbbüsü və “Y-lex Consulting” Şirkətinin təşkilatçılığı ilə Biznes Səhər yeməyi keçirilib. Movqe.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişaf istiqamətinin düzgün yönləndirilməsi, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, həmçinin bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi olub. Bu məqsədlə Biznes Səhər yeməyində iştirak edən  Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri və üzvləri, miqrasiya və hüquqi məsələlər üzrə aparıcı mütəxəssislər və hüquqşünaslar öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. 

“Y-lex Consulting” şirkətinin rəhbəri və eyni zamanda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova bir çox mövzular ətrafında, o cümlədən işəgötürən və əcnəbi işçi arasında yaranan əmək münasibətləri, Miqrasiya Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin əmək miqrasiyası ilə bağlı müddəaları barədə məlumat verib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov İctimai Şuranın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, bir çox maraqlı tərəflərin diqqət mərkəzində olan miqrasiya qanunvericiliyinin aktual məsələlərinə toxunub və praktiki misallar əsasında onlar ətrafında müzakirələr aparıb. 
Dövlət Miqrasiya Xidmətinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev, həmçinin Müvəqqəti olma və Müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin rəisi Munis Nurulla miqrasiya sahəsi üzrə tədbir iştirakçıların qaldırdıqları bütün sualları ətraflı cavablandırıb və  əmək miqrasiyası proseslərinin tənzimlənməsində, xüsusilə də əcnəbi işçilərin əmək fəaliyyətinə cəlb olunmasında birbaşa ya da dolayısı iştirak edən şirkət təmsilçiləri üçün qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətiriblər.
Geniş məlumatlandırma və maarifləndirmə formatında təşkil olunan Biznes Səhər yeməyində bir çox tanınmış xarici şirkətlərin nümayəndələri, şirkət rəhbərləri və sahibkarlar iştirak ediblər. Bu kimi tədbirlərin faydası barədə fikir bildirən iştirakçılar Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın əmək miqrasiyası üzrə işçi qrupunun və “Y-lex Consulting” Şirkətinin hazırkı təşəbbüsünü yüksək qiymətləndirib, gələcəkdə də miqrasiya qanunvericiliyinin digər aktual aspektləri ətrafında işgüzar görüşlərin və müzakirələrin aparılmasının vacibliyini qeyd ediblər.

Sizin Reklam Yeriniz