Əlaqə Arxiv
news Image
2018.10.31
10:35
| A A A
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi imkanları müzakirə olunub (FOTO)

Biznes qurumlarının nümayəndələri Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətilə tanış olub, buradakı sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər.

Movqe.az-ın məlumatına görə, “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində bir neçə aparıcı biznes strukturlarının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, burada müxtəlif peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclərlə görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərimizin yeni peşələrə yiyələnərək məşğulluq imkanlarına malik olmasında, ümumən onların sosial reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında xüsusi rol oynayır. Qonaqlara məlumat verilib ki, müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə respublikamızın bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər cəlb olunaraq, kompüter istifadəçisi, kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə bacarıqlar əldə edirlər.

Peşə təlimi müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir.

 

Bu il Mərkəzə 181 nəfər, istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) isə 1530 nəfər gənc cəlb olunub. Hazırda Mərkəzdə 103 gənc peşə təlimi keçir.

Qonaqlar müəssisədə peşə hazırlığı üçün yaradılmış şəraiti nəzərdən keçirib, gənclərin səmərəli peşə hazırlığının təmin edilməsi üçün aparılan işlərlə, peşələrin tədrisi prosesi ilə yaxından tanış olublar. Sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tətbiqi sənət növlərində hazırladıqları əl işlərinə, habelə müəssisənin idman zalında boccia idman növü üzrə məşqlərə də baxış olub.

Biznes qurumlarının nümayəndələri gənclərin burada yiyələndikləri peşələr üzrə gələcəkdə məşğulluğunun, habelə hazırladıqları əl işlərinin satışının dəstəklənməsini diqqətdə saxlayacaqlarını, bununla bağlı səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq müstəvisində “British Council” tərəfindən icra olunur. Layihədə məqsəd əlilliyi olan şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarına malik olmaları üçün bacarıqlarının artırılmasıdır.

Sizin Reklam Yeriniz