"Son dövrlərdə Azərbaycan mətbuatında dilin leksik normasının pozulması halları xeyli azalıb".
Movqe.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov "Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, mətbuatda şifahi nitqdə və yazıda Azərbaycan dilinin istifadəsi zamanı bir çox anlaşılmaz ifadələr müşahidə olunur: "Biz Azərbaycan dilində mövcud olan anlayışların ingilis variantını istifadə edirik. Bəzi qurumların qısaltmaları, abreviaturalarının Azərbaycan variantı deyil, ingilis dilində olan variantı istifadə edilir. Məsələn, UNEC və s. Son dövrlərdə İqtisadiyyat Universiteti israrla tələb edir ki, mətbuat ali məktəbin adınının abreviaturasının məhz ingilis dilində olan formasını yazsın. Bu doğru deyil".
Mütəxəssis qeyd edib ki, son dövrlərdə Azərbaycan dilinin normalarına riayət olunması üçün zəruri tədbirlər görülür: "Təəssüf ki, bu qədər diqqətin yönəldilməsinə baxmayaraq səhvlər hələ qalır, yəni çoxdur. Yaxşı cəhət odur ki, mətbuatda leksik pozuntular xeyli azalıb, amma qrammatik və üslubi pozuntular hələ də qalır".
İ.Abbasov qeyd edib ki, Azərbaycanda çıxan istənilən mətbuat orqanında, istənilən yazıçının əsərində vergül səhvi var.