Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans davam edir. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin nazirliyin 100 illiyi ilə əlaqədar birgə keçirdiyi “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. V. Səfərli 100 illik fəaliyyəti münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivini təbrik edib. O, bildirib ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi mətbuatla sıx əməkdaşlıq edən dövlət qurumlarından biridir:" Mən bu əməkdaşlığa görə cənab nazir Sahil Babayevə minnətdarlığımı bildirirəm. Qısa müddət ərzində Nazirliklə Fondun birgə təşkilatçılığı ilə jurnalistlər üçün iki müsabiqə keçirilib. Bu gün biz ikinci birgə müsabiqənin nəticələrini açıqlayırıq". V. Səfərli nazir Sahil Babayevə nazirliyin 100 illiyi ilə bağlı təbrik diplomunu təqdim edib. Daha sonra müsabiqədə I yeri tutmuş Azad Əliyevə ("Həftə içi" qəzetinin redaktoru), II yeri tutmuş Gülnarə Məmmədovaya ("Bizim Yol" qəzetinin müxbiri) və Orxan İsrafilova ("İki sahil" qəzetinin bölmə müdiri), III yeri tutmuş Ziyadxan Həsənova ("AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri), Günel Cəlilovaya ("Bakı-Xəbər" qəzetinin müxbiri) və Nardar Bayramova ("Yeni Azərbaycan" qəzetinin müxbiri) diplom və mükafatlar, həmçinin Məğrur Əliyevə (“Kaspi" qəzetinin baş redaktor müavini), Aysel Oğuza (“Olaylar" qəzetinin şöbə müdiri), Minarə Hacıyevaya ("Səs" İnformasiya Agentliyinin şöbə müdiri), Mahir Zeynalova ("Xalq Cəbhəsi" qəzetinin redaktoru) və Rüfət Sultana ("Mövqe" qəzetinin müxbiri) təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.



