Əlaqə Arxiv
news Image
2019.03.18
17:30
| A A A
Bakı Metropolitenində ilk dəfə pianoçu solo konsert verəcək

Bahar bayramının gəlişi “Bakı Metropoliteni” QSC-də bu il də fərqli sosial layihələrlə zəngin olacaq. Sosialyönümlü tədbirlərdən biri ənənə üzrə konsert proqramı ilə bağlı olacaq. Lakin əvvəlki illərdən fərqli olaraq, budəfəki repertuarda daha bir yenilik ediləcək.

Novruz bayramı günlərində sərnişinlərinə yüksək ovqat bəxş etmək üçün, həmçinin fərqli zövqləri nəzərə alaraq, konsert proqramına pianoçunun solo konserti də daxil edilib.

Mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq.

Bununla yanaşı, xüsusi əlamətdar günlərdə "Bakı Metropoliteni" QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı olaraq təqdim ediləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.

Konsert mart ayının 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub. Musiqili dəqiqələrin afişası belədir:

– “28 May” stansiyası – 11:00 - 13:30

– “Sahil” stansiyası – 12:00 - 13:30

– “İçərişəhər” stansiyası – 13:00 - 14:30

– ”Elmlər Akademiyası” stansiyası – 14:00 -15:30

Konsert proqramlarının təşkilində əsas məqsəd bayram günlərində sərişinlərdə yüksək bayram əhval-ruhiyyəsi yaratmaq, həmçinin şəhərimizə təşrif buyurmuş qonaqlara milli mədəniyyətimizin zəngin irsini tanıtmaqdır

Sizin Reklam Yeriniz