Əlaqə Arxiv
news Image
2019.03.19
14:53
| A A A
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib

Martın 18-də "Altun Saray" İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir çərçivəsində, həmçinin Fondun yubileyi və Novruz bayramı münasibətilə elan edilmiş fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinə mükafatlar təqdim edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Filmdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası» bu problemlərin həlli yolunda tamamilə yeni imkanlar açıb. Konsepsiyanın təsdiqlənməsi, ilk növbədə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının və sosial rifah səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədindən irəli gəlib. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyib. Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter alıb, ölkə jurnalistlərinin bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycan Respublikasının nailiyyətlərindən daha səmərəli şəkildə bəhrələnməsi üçün imkanlar açılıb.

Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları səmimi salamlayaraq Novruz bayramı münasibətilə təbrik edib. İcraçı direktor bildirib ki, "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nı və Nizamnaməsini əsas tutan Fondun 10 illik fəaliyyətində KİV-lərə maliyyə yardımının göstərilməsi, fərdi jurnalist yazıları müsabiqələrinin təşkili, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları ilə media arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi daim mühüm istiqamətlər olub. Bundan əlavə, dövlətimizin başçısının KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin yüksək keyfiyyətlə və vaxtında icrası Fondun fəaliyyətində xüsusi yer tutub.

Vüqar Səfərli bildirib ki, Fond ildə üç dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müsabiqələr keçirir: "Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 109-u mükafatlara layiq görülüb".

İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Fondun milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirib. Əli Həsənov qeyd edib ki, Fond ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib: "Bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. On il əvvəl dövlətimizin başçısı Fondun yaradılması ilə bağlı Sərəncam imzaladı. Ondan bir il əvvəl isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm Konsepsiyanın qəbul olunması, eləcə də Fondun təsis edilməsi Azərbaycanda dövlətin mediaya qayğısını və dəstəyini sistemli halda həyata keçirən vahid mexanizmin yaradılmasını ehtiva edirdi".

Əli Həsənov bildirib ki, on ildir Azərbaycan dövlətinin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həllinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir. Ötən on ildə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülübsə, kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi və qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların göstərilməsi tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib.

"Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm", - deyə Prezidentin köməkçisi qeyd edib.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür. Fəttah Heydərov Azərbaycan mediasının bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib.

Nazir Əbülfəs Qarayev isə bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, eləcə də Şimali Kirp Türk Cümhuriyyətinin sabiq rəhbəri Zəki Qazioğlu və "Altun Saray" İstirahət Mərkəzi Fondun Fəxri diplomuna layiq görülüblər.

Tədbir maraqlı bədii hissə ilə davam edib.

Sizin Reklam Yeriniz