Əlaqə Arxiv
news Image
2019.03.28
08:00
| A A A
Ticarət mərkəzlərində yanğın təhlükəsizlik qaydaları sahəsində böyük problem
Xəyal Məmmədxanlı: «Bu obyektlərdə heç bir texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir»

Bakıda “Diqlas” Ticarət Mərkəzində baş verən güclü yanğın iri ticarət obyektlərində yanğın təhlükəsizliyi və sığorta məsələsini yenidən gündəmə gətirdi. Hadisə baş verən gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirdi ki, ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün su 2 kilometrdən gətirilib. Bu da yanğınsöndürənlərin işini çətinləşdirib. Həmçinin o, bildirib ki, obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb.

Mütəxəssislər də iri ticarət mərkəzlərində yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilməli olduğunu söyləyirlər. Sığorta eksperti Xəyal Məmmədxanlı deyir ki, ticarət mərkəzlərində bu tip yanğınların baş verməsi yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığından xəbər verir. Onun sözlərinə görə, iri ticarət mərkəzlərində sığorta məsələsi isə ancaq vətəndaşın belə bədbəxt hadisələr baş verən zaman yadına düşür: “Bu gün “Binə”, “Sədərək” və digər böyük ticarət mərkəzlərində də vəziyyət eyni ilə belədir.  İldə bir, yaxud da iki dəfə “Binə” və “Sədərək” Ticarət Mərkəzi yanır. Bu obyektlərdə heç bir texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir.

İnsanlar kustar üsulla hazırlanmış sobalardan və texnikalardan istifadə edirlər.  Heç bir əməkdaş adi yanğın təhlükəsizliyi təlimatını bilmir. O baxımdan ticarət obyektlərindəki problem ciddidir. Ona görə də insanlarımız məsuliyyət hiss edib, bu məsələlərə həssas yanaşmalıdır”.

Həmsöhbətimiz deyir ki, əksər hallarda bu cür iri ticarət obyektləri formal sığortalanır: “Böyük ehtimalla həmin “Diqlas” ticarət məkəzi binasının özünün, daşınmaz əmlakın sığortası olub. Ola bilməz ki, olmasın. Çünki, qanuna görə sahibkarlara məxsus, o çümlədən, fiziki şəxlərə məxsus əmlakların sığortası məcburidir.

Düzdür, vətəndaşların mənzillərinin sığortasına çox ciddi bir şəkildə nəzarət olunmasa da, sahibkarlıq subyektlərinin əmlaklarının sığortasının olmasına Fövqəladə Hallar Nazirliyi ciddi nəzarət edir. Böyük ehtimalla da “Diqlas”mərkəzinin özünün sığorta şəhadətnaməsi olub”.

Ekspert bildirir ki, ona görə də obyektlərdə yanğın təhlükəsizliyi standartlarına riayət olunmalı, malların rəsmi uçotu aparılmalı, şəffaflıq təmin edilərək rəsmi fəaliyyət  həyata keçirməlidirlər: “Sığorta şirkəti xeyriyyə qurumu  deyil ki, kimsə  hansısa  bədbəxt hadisəyə görə ziyan çəkdiyi üçün ona kompensasiya versin. Sığorta şirkətləri normal risk idarəetməsini həyata keçirirlər. Sığorta şirkəti malları sığortalayanda gərək ona rəsmi siyahı təqdim edilsin ki, dükanda nə var və bunun maya dəyəri nə qədərdir.

Çox təəssüf ki, ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki, o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Hətta  bu gün ordan hər hansı bir sahibkar, dükan sahibi sığortalanmaq istəsə belə, oranı sığortalamaq mümkün deyil. Səbəb isə qeyd etdiyim kimi,  belə böyük ticarət mərkəzlərində sahibkarlara məxsus dükanların, onların   sahiblərinin əmlakının heç bir rəsmi uçotunun olmamasıdır. Bu da sığorta şirkəti üçün arzuolunmaz haldır. Sığorta şirkəti baxmalıdır və dəqiq bilməlidir ki, dükanda nə qədər mal olub və ümmi dəyəri nə qədər olub”.

X. Məmmədxanlı həmçinin bildirir ki, Azərbaycanda sahibkarlar, vətəndaşlar öz əmlaklarına, mülklərinə qarşı biganədirlər: “Dəfələrlə gedib insanların qapısını döyürük, deyirik ki, cəmi 50 manat ödəməklə 25 min manatlıq evinizi sığortalaya bilərsiz. Bu, həm də məcburidir. Amma razılaşan olmur. Hər kəs öz malını, mülkünü Allahın ümidinə buraxır”.

X. Məmmədxanlı iri ticarət mərkəzlərinin yanğından mühafizəsi üçün ilk növbədə həmin obyektlərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməli olduğunu bildirir: “İri ticarət obyektlərində çox ciddi yanğın təhlükəsizlik tələbləri olmalıdır. Orada işləyən hər bir insan təlimatlandırılmalıdır ki, yanğından neçə qorunmalı və evakuasiya olunmalıdır. Sahibkarların özlərinin də marağında olmalıdır ki, onların dükanlarındakı malların uçotunu aparsınlar. Yanğın təklükəsizliyi, texniki təhlükəsizlik tələbləri ən yüksək səviyyədə qorunmalıdır. Orada yaşayan, işləyən, çalışan hər kəs yanğın təhlükəsizlik təlimatını bilməlidir.

Kustar üsulla hazırlanmış sobalardan, elektrik naqillərindən, texnikadan istifadə olunmamalıdır. Sığorta şirkətləri də əmin olmalıdırlar ki, bu kimi obyektlər standartlara uyğun fəaliyyət göstərir . O zaman onlar sığortalamaqda da maraqlı olacaqlar. Məsələn, bu gün nə qədər bahalı təklif olsa da, heç kim nə “Binə”, nə də “Sədərək” TM-ni sığortalamaz. Çünki bu özü sığorta şirkəti üçün böyük riskdir”.

Zülfiyyə QULUYEVA  

 

 

Sizin Reklam Yeriniz