Əlaqə Arxiv
news Image
2019.05.06
16:18
| A A A
İstifadə olunmuş batareyaların toplanmasına başlanılıb (FOTO)

IDEA İctimai Birliyinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə tullantıların düzgün idarə edilməsi proqramı üzrə yeni layihəyə start verilib.

İctimai Birlikdən Movqe.az-a verilən məlumata görə, layihə çərçivəsində ən təhlükəli məişət tullantılardan biri hesab edilən istifadə olunmuş batareyaların xüsusi qutular vasitəsilə toplanması və çeşidlənməsi nəzərdə tutulub.

Qeyd edək ki, ehtiyatsızlıq nəticəsində atılmış bir ədəd qələvi batareyanın 20 kv. metrlik ərazini ağır metallarla çirkləndirdiyi qənaətinə gəlinmişdir. Yerə atılmış batareyalardan təhlükəli maddələr torpağa və yeraltı sulara keçərək quru və su ekosistemləri üçün böyük təhlükələr yaradır, insan orqanizmində bir çox xəstəliklərin yaranmasına səbəb olur. Batareyaların təhlükəli kimyəvi maddələrdən istehsal olunduğunu nəzərə alaraq, onların digər tullantılarla birgə atılmasının hansı ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı məktəblilər arasında təbliğat və təşviqat işlərinin aparılması layihənin əsas məqsədləri sırasındadır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İB tərəfindən tullantıların azaldılması və səmərəli idarə olunması, təkrar emalın təşviqi və gənclərin tullantıların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsi istiqamətində bir sıra uğurlu layihələr həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azersun” şirkəti ilə birgə həyata keçirilən kağız və plastik tullantıların toplanması və təkrar emalına yönəlmiş layihəni nümunə kimi göstərmək olar. Sözügedən layihə çərçivəsində 1000-dən çox kağız və plastik tullantılar üçün xüsusi qutu ali və orta təhsil müəssisələrinə, təşkilat və özəl qurumlara yerləşdirilib.

Tullantıların idarə olunması proqramı çərçivəsində həyata keçirilən növbəti uğurlu layihələrdən biri də IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutularının quraşdırılmasıdır.

Bakı şəhəri üzrə batareyaların toplanması layihəsi çərçivəsində hazırlanan ilk 20 ədəd qutu Bakı şəhəri üzrə orta məktəblərə yerləşdirilib. Qeyd edək ki, yığılan batareyalar mütəmadi olaraq toplanaraq Azərbaycan Dövlət Neft Şirkətinin poliqonunda saxlanacaq.

Tullantıların düzgün idarə olunması və ətraf mühitin mühafizəsinə gənclərin cəlb edilməsi məqsədilə batareyaları toplama qutularının Bakı şəhəri üzrə bütün ali və orta təhsil müəssisələrinə yerləşdirməsi planlaşdırılıb.

Sizin Reklam Yeriniz