Əlaqə Arxiv
news Image
2019.05.07
09:45
| A A A
Qiyməti artan xurma ilə bağlı narahatdoğurucu daha bir məqam üzə çıxdı
Qadir Bayramlı: «Azərbaycan xurmanın yetişdiyi ölkələrdən iqtisadi baxımdan daha sərfəlisini seçərək müvafiq əlaqələr qurmaqla ölkəmizə xurma idxalının həcmini artıra bilər» Aysel Fərzəliyeva: «Əgər vətəndaşların satış müəssisələrində satılan xurma məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər»

Xurma Ramazan ayında digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da  ən çox istehlak olunan məhsul sayılır. Hər il Ramazan ayı ərəfəsi bu məhsulun qiymətində cüzi də olsa artım müşahidə olunsa da bu, dəfə xurmanın qiymətində nəzərəçarpacaq artım var. Buna səbəb isə Azərbaycanın ən çox xurma idxal etdiyi ölkə olan İrandan xurma ixracının dayanmasıdır. Bazar və iri super marketlərdə apardığımız araşdırma da göstərir ki, xurmanın qiymətində xüsusiilə açıq çəkidə satışda daha çox qiymət artımı baş verib. Ötən Ramazanda bir kiloqramı 20 manata satılan xurmanın qiyməti hazırda 27 manata təklif edilir. Satıcılar qiymət artımının səbəbini izzah etməyə çətinlik çəksələr də, bahalaşmanın topdan satışda baş verdiyini söylədilər.

Qeyd edək ki, Ramazan müsəlman dünyasının ən müqəddəs ayı hesab olunduğundan, bütün müsəlman ölkələrində bu ayda ərzaq məhsullarının qiymətində endirimlər edilir. Məqsəd Ramazan ayında maddi baxımdan imkansız insanların ərzaq məhsullarına əlçatanlığını təmin etməkdən ibarətdir. Bu ayda ən çox istehlak edilən xurmanın  qiyməti də müsəlman ölkələrində ucuzlaşır. Azərbaycanda isə çox təəssüf ki, son illər əks proses müşahidə olunmaqdadır.

Bəs görəsən, hər il ölkəmizdə məhz Ramazan ayında xurmanın qiymətinin bahalaşması nə ilə bağldır?

İqtisad universitetinin dosenti Qadir Bayramlı deyir ki, xurmanın qiymət artımı iki amillə bağlıdır: “İki aya qədərdir ki, İran başqa ölkələrə, eləcə də, Azərbaycana xurma ixracını dayandırıb. Bu, İranın daxili işidir. Amma xurmanın ixracının dayandırılması bizim kimi İrandan xurma idxal edən ölkələrdə qiymətə təsir edir. Bu gün xurmanın qiymətinin Azərbaycanda bahalaşmasının bir səbəbi budur. Digər tərəfdən də xurmaya ən çox tələbat Ramazan ayında olur. Tələbatın artması da qiymətlərin bahalaşmasına təsirini göstərir”.

Q. Bayramlı deyir ki, Ramazan ayında xurmanın qiymətini sabit saxlamağın bir yolu bu məhsulun Azərbaycana başqa ölkələrdən  idxal mənbəyinin axtarılmasıdır: “İqtisadiyyatda buna şaxələnmə deyilir. Artıq Ramazan başlayandan Azərbaycanda da xurmaya tələbatın artacağı bəlli idi. Ona görə də, Azərbaycan İranın xurma ixracına qadağa tətbiq etdiyini nəzərə alıb tələbatın İraqdan başqa Səudiyyə Ərəbistanı, körfəz ölkələri vasitəsilə ödənilməsi üzərində iş aparmalı idi. Bu ölkələrlə iqtisadi əlaqələr         qurmaq olardı, xurma məhsulunun  idxal coğrafiyasını beləcə genişləndirməliydik. Məhsulun idxal coğrafiyası genişləndikcə, şaxələndirdikcə ölkə vətəndaşlarının xurmaya olan tələbatını ödəmək üçün İrandan asılı qalmazdıq”.

İqtisadçı deyir ki, Azərbaycan   müsəlan ölkəsi olduğundan, xurmanın idxal rüsumunu da azaltmaq lazımdır: “ Bu da qiymət ucuzlşmasına gətirib çıxardar. Bütün bunları diqqətdə saxlamaqla bu gün xurmanın qiymətinin ucuzlaşmasına nail olmaq olar”.

İqtisadçı deyir ki, bu gün İran Azərbaycana məsafə baxımından daha yaxın olduğundan, xurmanın bu ölkədən idxalı daha ucuz başa gəlir: “İran Azərbaycanla qonşu olduğu üçün nəqliyyat xərcləri daha az tutur. Bu isə idxal olunan məhsulun qiymətinə öz təsirini göstərir. Həmçinin Iranla qarşılıqlı əlaqələrimiz var. Digər tərəfdən bu gün xurmanın qiymətində bahalaşmanın bir səbəbi xurmanın yetişmədiyi ölkələrdə bu məhsula tələbatın artmasıdır. Bu ölkələrdə tələbat artdığından qiymətə təsir göstərir. Ona görə də, Azərbaycan xurmanın yetişdiyi ölkələrdən iqtisadi baxımdan daha sərfəlisini seçərək müvafiq əlaqələr qurmaqla ölkəmizə xurma idxalının həcmini artıra bilər”.

Qeyd edək ki, ölkəmizdə bahalı xurmalarla yanaşı, karton qutularda münasib qiymətə də xurmalar satılır. Azərbaycanda da satışı həyata keçirilən karton qablarda olan xurmlarla bağlı isə İsveçrənin Səhiyyə Nazirliyi narahatlıq doğuran məlumat yayıb. Xəbərə görə, İrandan idxal olunan xurmalarda hepatit A virusu tapılıb.

«Mövqe» qəzeti məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb. AQTA-nın mətbuat katibi Aysel Fərzəliyeva bildirib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: “Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən xurma məhsullarından da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir.

Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. İndiyədək qeyd etdiyiniz məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər hansı fakt qeydə alınmayıb.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan xurma məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz