Əlaqə Arxiv
news Image
2019.05.09
09:00
| A A A
Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığına yeni mühüm töhfələr verir
Bu dövlətlərin əməkdaşlığının perspektivi inteqrasiya prosesinin gücləndirilməsini tələb edir

Türk xalqlarının tarix salnaməsi onların keçdiyi şərəfli yolun uğurları ilə yanaşı əzab-əziyyətli dövrləri ilə də zəngindir. Bu xalqları tarix yaşadıb, yaşadır və yaşadacaq. Lakin dünyada sədaqətlə xəyanət həmişə yanaşı addımlayıb. Bu gün beynəlxalq siyasətdə özünəməxsus yolu və təsir dairəsi olan türk dünyasını gözü götürməyən qüvvələr də mövcuddur. Əgər situasiyanı dərindən araşdırsaq aydın görünər ki, türk xalqlarının düşmənləri onları həmişə bir-birlərindən ayırmağa, aralarına nifaq salmaqla yadlaşdırmağa və təklikdə assimilyasiyaya yaxud məhvə uğradaraq öz niyyətlərinə çatmağa çalışıblar. Bütün bu səbəblər birliyi, birgə siyasət yürütməyi, haqqı-ədaləti birgə qorumağı ehtiva edir. Onda şər qüvvələr qarşısında duruş gətirmək daha asan, daha məqsədyönlü və daha qətiyyətli olar.

Mayın 7-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında informasiya sahəsində önəmli təkliflər irəli sürülüb. Bu gün bütün dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin türkdilli xalqlar üçün əhəmiyyəti daha böyükdür. Bu sırada yer alan Azərbaycanın isə bu prosesə ehtiyacı dərindən dərindir. Çünki, ciddi ərazi itkilərimiz var və bu haqda dünya ictimaiyyətinin kifayət qədər məlumatı yoxdur. Əgər 6 türk dövlətinin informasiya məkanı bizim dərdlərimizi işıqlamndırsa və hər bir dövlət də daha 6 dostuna bu barədə informasiya ötürsə, nəticədə onlarla, bəlkə də yüzlərlə xalqda, o cümlədən dünyanın aparıcı dövlətlərində Qarabağ münaqişəsinin həqiqi mahiyyəti haqda dolğun təsəvvürlər formalaşar. İnformasiya dəqiq və zəngin olanda çıxarılan qərar da həqiqəti müdafiə edir. Bu mənada yazdığımız sayda dövlət beynəlxalq təşkilatların üzvüdür, qərarların qəbul edilməsində hər birinin ayrıca səsi var. Onlara inanan, əməkdaşlıq telləri ilə bağlı, təsir imkanları olan dost ölkələr var. Beləcə zəncirvari şəkildə inteqrativ prosesin dairələri şəklində vahid mövqe sərgiləmək mümkündür. Ancaq bunun üçün mütləq ünsiyyət genişləndirilməli və dərinləşdirilməlidir.

Toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür: “2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”.

Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: “Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın”.

Təklif iştirakçılar tərəfindən alqışlansa da, bununla iş bitmir. Əməli fəaliyyətə üstünlük verilməli, sözdən işə keçilməlidir. Çünki, indi cəmiyyətləri, hətta dövlətləri informasiyalar idarə edir. Diqqət etsək görərik ki, sosial şəbəkələr tək sıravi insanların ünsiyyət yeri olmaqla bitmir. Ən güclü dövlətlərin başçıları siyasətlərini sosial şəbəkələr vasitəsilə, yəni dünyaya informasiya ötürməklə həyata keçirirlər. Bəs biz-türkdilli dövlətlərin əhalisi niyə bir-birinə tarixən və mənən yaxın olan informasiyaları niyə bölüşməsinlər? Axı, bu bizə hava-su kimi lazımdır. Bugünümüzü qoruyub saxlamaq, sabahımızı daha yaxşı qurmaq üçün bir-birimizi tanımaq ən stimulverici amildir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz