Prezident İlham Əliyevin 16 il ərzində atdığı bir-birindən əhəmiyyətli addımlar nəticəsində ölkəmizin sürətli inkişafı təmin edilib. Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verib. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sanballı layihələrin həyata keçirilməsinə imkan verib. Ölkədə işsizlik 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə enib.
2019-cu il Azərbaycanda sosial təntənə ilə başlayıb və ölkənin inkişaf sürəti ilin təntənə ilə bitəcəyinə indidən zəmanət verir. Bu istiqamət Azərbaycanda idarəetmə modelinin mahiyyətindən irəli gəlir. Dövlətin iqtisadi əsasları gücləndikcə xalqın rifahı daha da yaxşılaşır. Sosial-iqtisadi strategiya iqtidar-xalq münasibətlərinin şəffaflığını və etibarlılığını təmin edən başlıca sənəddir.
Möhkəm təmələ əsaslanan siyasət sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir. Məhz müstəqil, düşünülmüş düzgün siyasət ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırır.
Azərbaycan yüksək standartlara malik müasir dövlətə çevırilib. Dövlətin əlində gələcək ilə bağlı inkişaf konsepsiyası var və onun müddəaları ciddi məsuliyyətlə həyata keçirilir. Güclü, qüdrətli Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir, çünki dövlət xalq üçün çalışır.
Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 9-da açılışında iştirak etdikləri Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzidir. İl ərzində 100 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək bu mərkəzdə 96 nəfər, “Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, sosial sahə Azərbaycan dövləti üçün prioritet sahədir: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Dövlət başçısı bu gün Azərbaycanda aparılan islahatlar fonunda bu istiqamətdə aparılacaq işlər, minimum əməkhaqqının, minimum pensiyanın artırılması, eyni zamanda məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə haqda da danışıb və deyib ki, bu, nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Qeyd etmək lazımdır ki, qeyri-qanuni məşğulluq dövlətin və cəmiyyətin mübarizə apardığı başlıca iqtisadi bəlalardan biridir. Bu amil irəliləyən inkişafımızı ləngidən səbəblərdəndir. Vətəndaşın vergilərdən yayınması tək büdcəyə deyil, birbaşa onun öz sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir. Çünki, büdcəyə ödənilən vergi vəsaiti sonradan sosial layihə şəklində vergi ödəyicisinin özünə qayıdır və ya investisiya şəklində yeni iş yerlərinin yaradılmasına rəvac verir. Bu prosesdə yaranan şəffaflıq insanların dünyagörüşüşün şəffaflanmasına, cəmiyətdə neqativ halların azalmasına və nəticədə əhali-dövlət arasında inamın möhkəmlənməsinə gətirib çıxarır. Bu mənada DOST mərkəzləri bu işdə əhəmiyyətli rol oynayacaq və ümumi işimizin uğurlarına dəstək olacaq.
N.NOVRUZ