Əlaqə Arxiv
news Image
2019.05.15
09:30
| A A A
Azərbaycanın inkişaf sürəti Avropada da heyranlıq doğurur
Cəmiyyət və dövlət həyatının bir sıra parametrlərində Azərbaycan inkişaf etmiş ölkələri belə üstələyir

“Bəzi sahələrdə qonşularımız hətta Aİ ölkələrindən belə irəli gedib. Məsələn, şirkət yaratmağın tez başa gəlməsində. Bakıda bir neçə dəqiqə ərzində internet vasitəsilə şirkət açmaq mümkün olduğu bir mərkəzdə olmuşdum. Halbuki bəzi Aİ ölkələrində belə şey hələ də yoxdur”. Bu fikirləri Brüsseldə media üçün keçirilən dəyirmi masada Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib. “Şərq Tərəfdaşlığı” proqramının ötən 10 il ərzində həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışan komissar həmin illər ərzində proqramın iştirakçı ölkələri - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən kiçik və orta biznesin, rəqəmli iqtisadiyyatın inkişafı üçün addımlar atıldığını qeyd edib.

“Şərq Tərəfdaşlığı” ölkələri üçün rouminq haqqının ləğv olunması məsələsini araşdırdıqlarını diqqətə çatdıran Aİ rəsmisi sosial əməkdaşlıq çərçivəsində Tbilisi şəhərində ilk Avropa Məktəbinin açıldığını xatırladıb. Bundan əlavə, uğurla həyata keçirilən “Erasmus+” təhsil proqramından “Şərq Tərəfdaşlığı” ölkələrindən daha çox gəncin faydalanması üçün maliyyənin artırılmasının təklif olunduğu bildirilib.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri 1999-cu ildə imzalanmış Partnyorluq və Əməkdaşlıq sazişinə əsaslanır. Ölkəmiz ötən əsrin 90-cı illərində respublikanın yaradıcıları tərəfindən seçilmiş müasirləşmə yolundadır. Bu istiqamətdə Avropanın çoxtərəfli təşkilatlarına qoşulmaqdan başqa, ölkə özünün bu istiqamətdəki daxili dəyişikliklərini də nümayiş etdirib: Latın qrafikası qəbul olunub, ölüm cəzası ləğv edilib, insan haqları sahəsində bir sıra mühüm konvensiyalar imzalanıb. Bundan başqa Azərbaycan Aİ ilə enerji əməkdaşlığına dair ikitərəfli saziş bağlayıb. Münasibətlərin yüksələn xətlə inkişafı 2010-cu ildə Avropa İttifaqının  Azərbaycanla Assosiasiya Sazişinə dair danışıqlara başlamasına rəvac verib. Lakin artıq 2013-cü ildə Azərbaycan rəsmiləri bu sazişin onlar üçün maraqsız olduğunu bildiriblər. Çünki, Azərbaycan tam müstəqil siyasət yürütdüyündən xarici siyasətdə müxtəlif istiqamətlər üzrə balansın və milli mənafeyin qorunmasını prioritet sayırdı. Yalnız Aİ-nin təklifləri, təşəbbüsləri və birtərəfli qaydada hazırladığı yol xəritəsi ilə işləmək isə ümumi maraqların inkişafını ləngidirdi. Azərbaycan getdiyi yolun istiqamətini və konturlarını müstəqil müəyyənləşdirmək arzusunda və gücündə idi. Buna görə də 2013-cü ildə Prezident İlham Əliyev Avropa ilə yeni starteji əməkdaşlıq sazişi bağlamaq təklifi ilə çıxış etdi. Məqsəd məhz Azərbaycanın özünün təşəbbüsü ilə məsləhət bildiyi parametrlərin nəzərə alınması ilə əməkdaşlığın üstün mərhələsinə keçmək idi.

Ölkəmizin belə bir iddiada bulunması tamamilə məntiqi idi. Ona görə ki, ilk növbədə Azərbaycan iqtisadi sahədə özünün enerji ehtiyatlarının digər dövlətlərlə birgə istismar və istehlak proqramlarını genişləndirir, hətta bəzi ölkələrə dayaq olur, mənəvi-siyasi sahədə mulrikultural və multikonfessial dəyərləri ilə inkişaf etmiş dövlətlər də daxil olmaqla bir çox ölkələrə nümunə göstərir, ASAN Xidmət kimi tamamilə müasir və neqativ hallarla mübarizədə təsirli idarəetmə forması olan srtuktur dəyişikliləri ilə yeni model yaradırdı. Bu cür faktlar Azərbaycanın əlində beynəlxalq aləmdə ciddi alətə çevrilmişdi və sübut edirdi ki, bu ölkə öz sözü, fəaliyyət proqramı və layihələri ilə inkişaf etmiş ölkələrdən heç də geri qalmır.

Bir sözlə, Azərbaycan müstəqillik qazandıqdan sonra qısa müddət ərzində regionun lider dövlətinə çevrilməklə özünü təsdiqləmişdi. Bu səbəbdən onun diktələrlə idarə olunması mümkün deyildi və təbii ki, Avropa İttiafaqı qarşısında qaldırdığı təşəbbüslər dəstəklənirdi.

Y.Hanın dediyi  “Enerji səmərəsinə gəlincə, son bir-iki ildə gündəmə daxil olan bu məsələ getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Təkcə iqlim dəyişikliyilə bağlı yox, həm də siyasi amillərlə bağlı, kənar tədarükçülərdən asılı olmamaq üçün” fikri Azərbaycanın Avropanın ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyətini aydın izah edir.

Bu günlərdə Brüsseldə Brüsseldə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Hazırda Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə tarixi saziş imzalayacağı gözlənilir. Bu istiqamətdə danışıqlar 2017-ci ilin fevralında başlanıb və demək olar bütün əsas paraqraflar üzrə razılaşma əldə olunub.

Gedişatdan aydın görünür ki, Azərbaycan inkişaf etmiş ölkələrdə bərabər səviyyədə addımlayır və bu, ölkəmizin inkişaf səviyyəsinin bariz təcəssümüdür. Bu konteksdə Azərbaycanın idarəetmə modelinin bəzi qollarının Avropa üçün yeni olması təəccüblü deyil və təbii gedən prosesin təekib hissəsidir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz