Əlaqə Arxiv
news Image
2019.05.29
17:12
| A A A
39 yaşayış binasının istismara hazır olması barədə rəy verilib

7476 mənzili olan 39 binaya (kompleksə) dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.

Qeyd edilən Fərman imzalandıqdan dərhal sonra yaşayış binalarının istismara hazırlığı ilə əlaqədar zəruri sənədlərin təqdim olunması, binaların sakinlərinin və sifarişçilərinin qəbulu işində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb və hazırda qərargah öz işini davam etdirir.

Fərmanla müəyyən olunduğu kimi, ilkin mərhələ olaraq iki ay ərzində faktiki istismar olunan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməmiş binalarda müayinə işləri vaxtında başa çatdırılıb. Müayinənin və görülmüş operativ tədbirlərin nəticəsi olaraq 103 girişi, 7476 mənzili olan 39 binaya (kompleksə) dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilib.

Bundan başqa, bugünə kimi qərargahda 290-dən çox yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib.

Çatışmazlıqlar aşkar olunmuş yaşayış binalarında işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə 30 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarişçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib. Görüşdə aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkar edilmiş qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişatı barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi 19 sentyabr 2019-cu il tarixinə kimi çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır. Bu istiqamətdə aidiyyəti dövlət orqanları lazımi dəstəyi göstərməyə hazırdır. Tədbirdə istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib, Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Sizin Reklam Yeriniz