Əlaqə Arxiv
news Image
2019.06.07
15:55
| A A A
7 İyun “Ümumdünya Qida Təhlükəsizliyi Günü”dür

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Movqe.az-a verilən məlumata görə, 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.

“Ümumdünya Qida Təhlükəsizliyi Günü”nün qeyd olunması sözügedən təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sözügedən təhlükələrə diqqət çəkməmk üçün təşkilatçılığı ilə həyata keçirilir. Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 29 aprel 2019-cu il tarixində isə ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Sizin Reklam Yeriniz