Əlaqə Arxiv
news Image
2019.06.12
15:27
| A A A
Nabran bələdiyyə ərazisindəki çimərliklər istifadəyə yararsız oldu

Xaçmaz rayonu Nabran bələdiyyə ərazisindəki çimərliklər istifadəyə yararsızdır.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

Onun sözlərinə görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Analizlərin nəticələrinə əsasən, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğuna görə çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur.

Ə.Həsənov əlavə edib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır.

Sizin Reklam Yeriniz