Əlaqə Arxiv
news Image
2019.06.21
08:09
| A A A
Azərbaycan təcrübəsi Avropaya yayılır
Ölkəmizin təşəbbüsü beynəlxalq aləmdə təqdir və qəbul olunur

Azərbaycan xalqı fikir, düşüncə baxımından qədimdən fəlsəfi dərinliyi və sülhsevərliyi ilə qəlbləri fəth edib.  Humanizm və xeyirxahlıq bu torpaqda yaşayan xalqların yaşam tərzinin məhək daşına çevrilib. Çünki, torpaq zəngin və bərəkətliu olduğundan hələ ibtidaidən insanlara qida və əməksevərlik bəxş edib. Amma elə bu səbəbdən də daim təhlükələrə tuş gəlib, yadellilərin, var-dövlət hərislərinin müharibə və soyğunçuluğuna məruz qalıb. Ancaq sınmayıb, məhv olmayıb, əksinə əsrlər boyu sınaqlardan keçə-keçə formalaşıb, bərkiyib və dövrümüzə mükəmməl ideya şəklndə gəlib çıxıb.

Azadlıq, müstəqillik bu ideyanın başlıca məqsədidir. Çünki, müstəqillik yaradıcı və zəngin həyatın rəmzidir. Bu ideologiyanın konfessial məqsədi azad, sivil, demokratik və mədəni dövlət qurmaq olan Azərbaycan xalqının ideologiyasıdır. İdeologiyanın mahiyyətini ölkədə yaşayan bütün xalqların və millətlərin, etnik qrupların vicdan azadlığının, hüquqlarının və sosial mənafelərinin birliyi və bərabərliyi təşkil edir.

İyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyıb. Qlobal mövzuya həsr edilmiş tədbir bu məsələyə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edib.

Konfransın açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub . İştirakçıları salamlayan Azərbaycanın rəhbəri mövzunun müasir dövrün ən aktual problemləroindən olduğunu diqqətə çatdırıb: “Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransdakı çıxışında deyib: “Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbildən növbəti nüfuzlu tədbirdir”.

Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunmaları, Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələrinin, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlikin, bu ölkədəki 15 dini konfessiyanın nümayəndələrinin iştirakı beynlxalq ictimaiyyətin bu problemə ciddi yanaşmasının göztəricisidir.

Sonda beynəlxalq konfransda yekun sənəd – Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunub ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz