Əlaqə Arxiv
news Image
2019.06.27
11:30
| A A A
Əfqanıstanın Kabil şəhərində Beynəlxalq İmam Əbu Hənifə Simpoziumu keçirilib

19-20 iyun 2019-cu il tarixdə Əfqanıstanın Kabil şəhərində Beynəlxalq İmam Əbu Hənifə Simpoziumu keçirilib. Əfqanıstan Respublikası Həcc və Din İşləri Nazirliyinin təşkilatçılıq etdiyi tədbirdə dünyanın on beş ölkəsindən 50-yə yaxın əcnəbi qonaq, ölkə daxilindən isə 3000-dən artıq din alimi, mütəxəssislər iştirak ediblər.

Konfransda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni, vitse-prezident Sərvər Daniş, Həcc və Din İşləri naziri Əbdülkərim Münib və digər rəsmilər iştirak ediblər.

Böyük İslam alimi, müsəlman hüquqşünası Əbu Hənifə Nöman ibn Sabitin (699-767) həyat və yaradıcılığına həsr edilmiş simpoziumda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, Malayziya, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Misir, Avstraliya və digər ölkələrdən gəlmiş dinşünas mütəxəssislər, din xadimləri panellərdə Əbu Hənifənin İslam hüququndakı yeri haqqında müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Simpoziumda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və sözügedən ali təhsil müəssisəsinin müəllimi Elvüsal Məmmədov təmsil ediblər.

İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Azərbaycanlı alimlərin hənəfi hüquq məktəbinin inkişafındakı rolu” mövzusunda çıxış edərək, azərbaycanlı alimlərin müsəlman, xüsusən hənəfi hüququna verdiyi töhfələr haqqında simpozium iştirakçılarını məlumatlandırıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Sünnə mətnlərinə münasibətdə Əbu Hənifənin “məqasid” metodu” adlı məruzəsində Əbu Hənifənin ictihad metodologiyasına, dini mətnlərin reallığa tətbiqində müraciət etdiyi rasional üsullara toxunub.

Aİİ-nin müəllimləri simpozium iştirakçılarına, eyni zamanda, Aİİ-nin yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə də məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılan ali təhsil müəssisəsi dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub.

Simpoziumun son günündə Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni öz iqamətgahında simpoziumda iştirak edən xarici qonaqların şərəfinə rəsmi ziyafət verib.

Sizin Reklam Yeriniz