Əlaqə Arxiv
news Image
2019.07.02
08:30
| A A A
Dövlət yaradıcı gənclərin əməyini stimullaşdırır
Bu gün gənc nəslin özünütəsdiqi üçün Azərbaycanda hər bir şərait yaradılıb

Azərbaycan gəncliyi öz elmi-mədəni yüksəlişi tarixində hazırda intibah dövrünü yaşayır. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxartmaları üçün ölkəmizdə yaradılmış şəraitlə fəxr etməyinə dəyər. Müstəqillik tariximizin bəlkə də gənclərə bəxş etdiyi ən şirin nemət məhz onların hərtərəfli elm və biliyə yiyələnmələri, fitri istedadlarını üzı çıxarmaları üçün dövlətdən qayğı görmələridir. Gənclərin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərinin təşviq edilməsi məqsədilə Prezident İlham Əliyevin 2 iyul 2013-ci il tarixli Fərmanı ilə  “Gənclər üçün Prezident mükafatı” təsis edilib. Mükafat  ildə bir dəfə  elm və təhsil, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə, eləcə də ictimai fəaliyyət sahəsi üzrə fərqlənən gənclərə verilir. Mükafat 10 000 (on min) manat məbləgində puldan, diplomdan, mükafatın nişanından və həmin nişanın vəsiqəsindən ibarətdir.

Bu günlərdə isə Azərbaycan Prezidentinin 2013-cü il tarixli Fərmanında dəyişiklik edilməsi barədə verilmiş “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanına əsasən, hər il 10 gənc 10 min manat məbləğində pul mükafatından yararlana biləcək. Gənclər üçün Prezident Mükafatının əsasnaməsinə görə,  dəyişiklik nəticəsində mükafatın əhatə dairəsi genişləndirilərək elm, təhsil, mədəniyyət, habelə, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə təqdim edilməsi müəyyənləşdirilib. 

İndiyədək onlarla gənc bu mükafatı qazanmağı bacarıb. Çünki, dövlətin bu qayğısı gənc istedadların üzə çıxarılması üçün güclü stimul yaradıb. İnsan çəkdiyi zəhmətin bəhrəsini görəndə daha uca zirvələr fəth etməyə köklənir. Onda həyata, insanlara, dğvlətə inamı möhkəmlənir, yaşamaq və yaratmaq arzusu çağlayır.

Azərbaycan gənclərində sevinc, qürur və həyəcan hisslərini yaşadan Prezident mükafatını 2015-ci ildə  Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin aparıcı mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov təhsil sahəsində, AMEA-nın Gəncə Bölməsinin doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov elm sahəsində  elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Xədicə Novruzova və Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Ceyla  Seyidova mədəniyyət sahəsində,  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı ictimai fəaliyyət  sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə bu yüksək mükafata layiq görülmüşlər. Zafiq Xəlilovun  ölkədaxili və beynəlxalq məcmuələrdə 20-dən artıq elmi əsəri dərc olunub. O, Kanada, Almaniya və Hollandiyada yerləşən “Hava və Kosmos hüququ institutları” ilə mütəmadi elmi müzakirələr aparır. 2014-cü ilin noyabr ayından dünyanın hava və kosmos hüququ sahəsində tanınmış hüquqşünas alimlərini özündə birləşdirən “Aerohelp - Hava və Kosmos hüququ İnstitutu”nun rəsmi internet saytında ilk azərbaycanlı alim kimi beynəlxalq alimlər sırasına daxil edilib və tərcümeyi-halı, elmi araşdırmaları müvafiq qaydada yerləşdirilib. Elnur Həsənovun ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan, rus dillərində 100-dən artıq məqalə, eləcə də 3 monoqrafiyası  çap olunub. Ceyla Seyidova 2010-cu ilin mayında Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı adına,  2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. 2013-cü ildə Heydər Əliyev Fondunun xətti ilə Almaniyanın Köln,  İtaliyanın  Roma və  Florensiya, Fransanın Strasburq, Reyms və Muluz şəhərlərində keçirilən konsert proqramlarında çıxış edib.  2014-cü il iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb. Digər mükafatçıların da həyat yolları qazandıqları uğyrlarla zəngindir.

Builki laureat adını qazanmaq arzusunda olanlar arasında təhsil aldığı müddətdə dəfələrlə fənn olimpiadalarının, inşa yazı müsabiqələrinin qalibi olan gənc şair, “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə olimpiadalarda Bakı şəhəri üzrə iki dəfə 1-ci, ölkə üzrə isə 3-cü yerə layiq görülən,  2015-ci ildən etibarən Azərbaycan yazıçılar birliyinin üzvü olan 27 yaşlı Şahanə Mahmudzadə, Milli Məclisdə "Mənim səsim - mənim hüquqlarım: Parlament müzakirəsi" layihəsinin təşəbbüskarı, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Beynəlxalq cinayətlərin cəzalandırılması üçün mövcud hüquqi mexanizmlər” kimi layihələrin rəhbəri olan Elman Aslanov kimi istedadlı və təşəbbüskar gənclər var.  Şahanə 2017-ci ildə Prezidentin gənc yazıçılar üçün nəzərdə tutulmuş xüsusi aylıq təqaüdünə layiq görülüb. Ümumilikdə 2 kubok, 18 sertifikat, 3 Fəxri fərman və 7 diplomla mükafatlandırılan Elman deyir ki, prezidentin fərmanı gənclərə göstərilən diqqət və qayğının təzahürüdür. Ölkə başçısının mükafatına layiq görülmək arzusunda olan gənclərdən biri də adı gənc istedadların qızıl kitabına düşən aktrisa Gülnar Əlfidatlı 2017 -ci ildən etibarən “ƏSA” Teatrında fəaliyyət göstərir və bu mükafatın  istedadlı gənclərin üzə çıxarılmasında önəmli rol oynayacağına ürəkdən inanır. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz