Əlaqə Arxiv
news Image
2019.07.18
14:00
| A A A
Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbeklə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz 
Qurbanlı cari ilin 16-18 iyul tarixlərində Vaşinqtonda keçirilən Din 
Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində iyulun 
16-da ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində 
xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşüb.

M.Qurbanlı ölkəmiz barədə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 
qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən 
müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında 
ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox 
möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu 
ənənələrin Azərbaycan dövlət tərəfindən inkişaf etdirildiyini qeyd edib. 
35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını 
vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına 
baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə 
əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Mübariz Qurbanlı 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal 
olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini 
vurğulayıb.

Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın 
Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin Ulu Öndər 
Heydər Əliyevlə görüşlərini xatırladaraq bu təəssüratların onun 
yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. Eyni zamanda, 
ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də 
uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən 
diqqət və qayğının yüksək səviyyədə olmasının məmnunluqla qarşılandığını 
qeyd edib.

Daha sonra tərəflər konfrans çərçivəsində imzalanacaq bəyanatlar barədə 
fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycandakı dini icmaların fəaliyyəti, ölkəmizin tolerantlıq və 
multikulturalizm ənənələrini əks etdirən DQİDK-nın dəstəyi ilə nəşr 
edilmiş ədəbiyyatlar S.Braunbekə təqdim edilib.

Qeyd edək ki, S.Braunbek 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci 
illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 
2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət 
Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə ölkəmizin ABŞ-dakı 
səfirliyinin əməkdaşları da iştirak ediblər.

Sizin Reklam Yeriniz