Əlaqə Arxiv
news Image
2019.07.27
14:17
| A A A
Üç şəhər və rayonda insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzləri yaradılacaq

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı digər həssas qruplar kimi, insan alveri qurbanlarının sosial reabilitasiya imkanlarının da artırılmasına imkan yaradıb.
Sərəncamın icrası işlərinin bir istiqaməti kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri üzrə üç şəhər və rayonda (Gəncə şəhəri, Lənkəran və  Göyçay rayonları) insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Mərkəzlər müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq. 
Həmin mərkəzlərdə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək göstərilməsi, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə zəruri xidmətlərlə,  hüquqi, psixoloji, tibbi yardımlarla təmin edilmələri, məşğulluq problemlərinin həlli və s. üçün müvafiq işlər aparılacaq. Həmçinin insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi də fəaliyyət göstərir və yaradılacaq yeni mərkəzlər insan alveri qurbanlarının sosial reabilitasiyası  istiqamətində fəaliyyət mütəvisinin genişlənməsinə şərait yaradacaq.

Sizin Reklam Yeriniz