Əlaqə Arxiv
news Image
2013.06.04
13:40
| A A A
Güclü külək Ağdaş, Göyçay və Mingəçevirə ziyan vurub
Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Mingəçevir, Ağdaş və Göyçayda ciddi fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, Göyçay, Ağdaş və Mingəçevirdə 5 saatdan çox əsən güclü külək və leysan yağışı nəticəsində şəhər və kəndlərdə elektrik enerjisi kəsilib. Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Cavid Osmanov APA-ya bildirib ki, güclü külək Ağdaşda bir çox yerlərdə ağacları, elektrik dirəklərini yıxıb. İlkin məlumata görə, qasırğa şəkli almış külək  nəticəsində rayon mərkəzində və Aşağı Nemətabad, Ərəb Kükəl, Ərəbocağı, Aşağı Zeynəddin, Dəhnəxəlil kəndlərində 20-yə yaxın irigövdəli ağacı, 25-ə yaxın elektrik, gecə işıqlandırma və rabitə dirəyini aşırıb. Dünən gecədən rayonun bütün ərazisində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub. Ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi tikililərin üzərindəki dam örtüyünü qoparıb, meyvə bağlarına, tərəvəz və taxıl sahələrinə ciddi ziyan vurub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yerlərdə vətəndaşlarla görüşlər keçirərək onların müraciətlərinə baxırlar.

 

Güclü külək Göyçay və Mingəçevirə də xeyli ziyan vurub. Göyçayda 10-a yaxın elektrik dirəyi və ağac aşıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb. Bu gün saat 11:00 radələrində rayona elektrik verilişi bərpa edilib. Hazırda Mingəçevirdə də küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Yıxılan ağaclar kəsilərək götürülür. Şəhərin bir hissəsinə elektrik verilişi artıq bərpa edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. 

Sizin Reklam Yeriniz