Əlaqə Arxiv
news Image
2019.11.21
17:11
| A A A
“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda tədbir keçirilib

Noyabr ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, DQİDK-nın sədr müavini Gündüz İsmayılov, eləcə də rayonun orta məktəblərinin  direktorları,  təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı və gənclərin radikal dini qrupların təsir dairəsinə düşməsinin qarşısını almaq üçün onlara dinimiz düzgün şəkildə çatdırılmalıdır.
Sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri və dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışıb.
Vurğulayıb ki, dinə hüquq, vicdan azadlığı, milli-mənəvi dəyər prizması ilə yanaşı, həm də dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Əlavə edib ki, cəmiyyətin dini-ideoloji təhlükəsizliyi pozulduqdan sonra milli və ictimai təhlükəsizliyə təhdid qaçılmazdır. Bu baxımdan dini kimliyin milli kimliyə qarşı qoyulmasına, dindar kontingent daxilində dünyəviliyin və ənənəvi İslamın zəiflədilməsinə və xurafatın güclənməsinin qarşısının alınmasına qarşı mübarizə xüsusilə vacibdir.
Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan sədr müavini dinin ənənəvi İslam kontekstindən təbliğinin cəmiyyətin dini və dünyəvi cəhətdə iki hissəyə ayrılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd edib.
Din sahəsində milli kadrların hazırlanması prosesindən də danışan Gündüz İsmayılov bu sahədə cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, dünyəvi dövlətin əsaslarının düzgün təbliğ edilməsi üçün ixtisaslı dini kadrların hazırlanmasının ən vacib məsələlərdən biri olduğunu bildirib. O, bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacağını deyib.
Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov Dövlət Komitəsinin cəmiyyətin bütün təbəqələrini, xüsusilə gəncləri əhatə edən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.

 

Sizin Reklam Yeriniz