"Sərnişindaşıma qaydalarını pozaraq avtobusu qapısı açıq şəkildə idarə edən sürücülərə qarşı sərt tədbirlər görüləcək". Bu sözləri Movqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib. V. Əsədovun sözlərinə görə, havalar istiləşən kimi, şəhərdaxili sərnişindaşımada bu məsələ ciddi problemə çevrilir: " İlin əvvəlindən bu günə Bakı şəhəri üzrə yol polisi əməkdaşlarının dislokasiya üzrə təhkim olunduğu ərazilərdə bu kimi nöqsanlara qarşı mübarizə tədbirləri görülüb. Qış vaxtlarında bu cür hallarla rastlaşmasaq da, havalar isinən kimi bu problemə çevrilir. Havalar isinəndən bu günə kimi keçirdiyimiz tədbirlər zamanı 30-kimi sürücü məsuliyyətə cəlb edilib. "Yol Hərəkəti Haqqında" qanunun tələbinə əsasən avtonəqliyyat vasitələrinin yol hərəkətində istismar edilməsi üçün tələblər var. Həmin tələblər də yerinə yetirilməlidir. Əgər sürücü bu qanun tələbini pozaraq avtonəqliyyat vasitəsini qapısı açıq idarə edirsə, dərhal saxlanılır və İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə müvafiq olaraq inzibati protokol tətbiq edilir və 30 manat məbləğində cərimələnir".
V. Əsədov avtobusu qapısı açıq idarə edən sürücülərin bəzən bəhanələr gətirdiyini, amma bu bəhanənin onları məsuliyyətdən azad etmədiyini söylədi: "Avtobus sürücüləri bəhanə edirlər ki, avtobusda sərnişin sıxlığı olduğundan qapısı açıq idarə etmək məcburiyyətində qalırlar. Amma nəzərə almalıdırlar ki, normadan artıq sərnişindaşıma da qanunla yolverilməzdir. Ona görə də, avtobusu istənilən səbəbdən qapısı açıq idarə edən sürücülər buna görə məsuliyyət daşıyırlar. Bu zaman hər hansı bədbəxt hadisə baş verərsə, məsuliyyət yenə də sürücünün üzərinə düşür. Ona görə də, sərnişindaşıma qaydalarını pozaraq avtobusu qapısı açıq şəkildə idarə edən sürücülərə qarşı sərt tədbirlər görüləcək".