Gələn aydan etibarən Azərbaycanda uşaqlar üçün yeni - pnevmakok çöplərinə qarşı peyvəndin tətbiqinə başlanacaq. Bu barədə məlumatı Movqe.az-a Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. N. Quliyevin sözlərinə görə, Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir: "Ona görə də, iyul ayından Dünyada ən bahalı peyvəndlərdən sayılan pnevmakok çöplərinə qarşı peyvəndlər yeni doğulmuş uşaqlara 1 yaşınadək 3 dəfə - 2, 4 və 6 aylıqlarında vurulacaq. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında ağır pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərə rast gəlmə tezliyi çox azalacaq. Bu isə uşaq ölümü hallarının daha da azalmasına təsir göstərəcək".
N. Quliyev bu peyvəndin 1 yaşından yuxarı uşaqlara vurulmayacağını söylədi. Onun sözlərinə görə, hər dəfə yeni peyvəndin tətbiqinə başlananda, əvvəlki uşaqlar həmin peyvəndə cəlb olunacaq uşaqların siyahısına salınmır.