Əlaqə Arxiv
news Image
2020.01.25
11:56
| A A A
Sellofan torbalardan istifadəyə qadağa müşkülə çevrilib
Eyyub Hüseynov: “Bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır”

Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də sellofan torbalardan istifadənin qadağan olunmasıdır. Amma hələ də bunu reallaşdırmaq müşkülə çevrilib. Qeyd edək ki,  plastik tullantılarla mübarizə çərçivəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri onlardan istifadədən artıq tam imtina edib.

Azərbaycana gəldikdə, plastik torbaların istifadəsi qadağan edilsə də, hələlik bu istiqamətdə görülən tədbirlər fayda vermir. 2019-cu ilin yayında polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planı hazırladı. Planda plastik tullantılardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulurdu. Amma nəticə yoxdur. Başqa bir tərəfdən, Azərbaycanda sellofan torbalardan imtina edilməsilə bağlı maarifçilik  işləri də çox aşağı səviyyədədir. Sellofan torbalar ətraf mühitin çirklənməsində də əsas “rol” oynayan faktorlardan biridir. Bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.

Azad İstehlakçılar Birliyininn sədri Eyyub Hüseynovun fikrincə, bu qadağanın hələlik reallaşmaması ölkədə maarifçilik səviyyəsinin aşağı olması ilə bağlıdır: “Bir sıra ölkələr polietilen torbalardan və plastik qablaşdırmalardan tam imtina edib. Hətta Azərbaycandan dəfələrlə geridə qalmış Nepalda belə, plastik və polietilen qablaşdırmalardan istifadə olunmur. Hesab edirəm ki, bunu inzibati yolla həll etmək olmaz. Birinci növbədə geniş maarifləndirmə işləri aparılmalıdır.

Ümumiyyətlə, ölkədəki ticarət obyektlərində Nazirlər Kabinetinin  qərarı yaxşı işləmir. Dəfələrlə təklif etmişəm ki, marketlər üçün xüsusi sənəd hazırlanmalı və Nazirlər Kabineti də bunu təsdiq etməlidir. Burada vətəndaşların əl çantalarının yoxlanmasından tutmuş, plastik torbalar, o cümlədən digər məsələlər öz əksini tapmalıdır. Kiçik dəyişiklik var, demək olar ki, marketlərdə verilən plastik torbalar 3 dəfəyə qədər nazikləşdirilib. Azad İstehlakçılar Birliyi 8 ildir təklif edir ki, MDB təcrübəsi tətbiq edilsin. Yəni plastik torbalar tam şəffaf və nazik olmalıdır, həm də pulla satılmalıdır. Hələlik şəffaflığa keçilməyib, lakin xeyli nazikləşdirilib. Bu sahədə ən uğurlu tədbirləri “Azərsun” Holdinq şirkəti görür. Onların ekoloji mühitin qorunması və plastik torbaların məhdudlaşdırılması istiqamətində təqdirəlayiq çağırışları mövcuddur”.

Ekspert qeyd etdi ki, alternativ olaraq “talış zənbilləri” ən yaxşı bazar torbaları sayıla bilər: “Xarici ölkələrdən Azərbaycana gətirilən ərzaq mallarının təxminən 85 faizi plastik qablara qablaşdırılır. Ona görə də bunu inzibati yox, əhalinin maarifləndirilməsi yolu ilə həll etmək olar. Plastik torbalardan imtina üçün ilk növbədə əhali bazar torbalarına keçməlidir. Alternativ olaraq “talış zənbilləri” ən yaxşı bazar torbalarıdır, onlar ekoloji cəhətdən təmizdir. Xaricdə bu zənbillərin biznesini yaratmaq olar.  Bir sözlə, polietilen torbaların və plastmas qablardan istifadənin məhdudlaşdırması, eləcə də ətraf mühitə atılmasının qarşısının alınması istiqamətində ciddi maarifləndirmə işləri görülməlidir. Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı Ekologiya Nazirliyinə və QHT-lərə Dövlət Dəstəyi Şurasına bəzi təkliflər verib. Əgər layihə dəstəklənərsə, biz regionlarda əhali arasında böyük maarifçilik işi aparacağıq”.

İkinci bir tərəfdən, birlik sədrinin dediyinə görə, marketlərdə sellofan torbalar məsələsində qaydalar tətbiq olunmalıdır: “Növbəti istiqamət isə plastik torbaların pulla satılması, daha sonra həmin torbaların tam şəffaf olması məsələsi və alternativ torbalardan əhalinin istifadə etməsi üçün maarifçiliklə məşğul olmalıyıq”.

Rüfət NADİROĞLU

 





 

Sizin Reklam Yeriniz