Əlaqə Arxiv
news Image
2013.06.25
15:19
| A A A
Çoxmərtəbəli binaların yuxarı mərtəblərinin satışı problemə çevrilir
Rövşən Talıbzadə: «Əhali arasında ən çox tələb olunan 5-12-ci mərtəbələr, 12-dən sonra gələn mərtəbələr isə az tələbatlı, arzuolunmaz olur» Nüsrət İbrahimov: «Yuxarı mərtəbələri istəməyən insanlar kommunal problemlərə görə bəzən ora üz tutmaq istəmirlər»

Bakıda inşa edilən çoxmərtəbələi binalarla bağlı özünü göstərən maraqlı tendensiyalardan biri də yuxarı mərtəbələrin heç də asan satılmamasıdır. Elə alıcılar da əksər hallarda binaların ən yuxarıdakı mərtəbələrini almağa həvəs göstərmir. Bunun səsbəbləri barədə Mövqe.az-a danışan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə qeyd edir: "Bildiyiniz kimi, paytaxt ərazisində 1000-dən artıq yeni tikili var. Bizim araşdırmalarımıza görə, hazırda paytaxt ərazisində satışda olan binaların sayı 400-dən yuxarıdır. 

İlkin mənzil bazarında  olan binaların sonuncu mərtəbələrinin satışı ilə bağlı problem həmişə müzakirə mövzusu olub. Əhali arasında ən çox tələb olunan 5-12-ci mərtəbələr, 12-dən sonra gələn mərtəbələr isə az tələbatlı, arzuolunmaz olur. Bunun da özünəməxsus səbəbləri var. Yuxarı mərtəbələrə tikinti materialları çox sərf olunur.  Bunun səbələrindən biri odur ki, şirkət hər hansı bir binanı tikdiyi zaman yuxarı çıxdıqca aşağı mərtəbələrdə istifadə etdiyi taxta, dikt və digər bu kimi materiallardan təkrar  istifadə edir. Onlar yaş halda olur, əyilir və yuxarı mərtəbələrdə divarın hamar olmasını əngəl törədir. Divar düz çıxmır. Digər bir səbəb isə odur ki, yuxarı mərtəbələrdə qalmaq  təzyiqi yüksək  olan insanlar üçün əl vermir. Səhhətində problem olan insanlar o mərtəbələri rahat şəkildə çıxıb-düşə bilmir. Bundan əlavə isə həmin mərtəbələrin orta mərtəbələrlə eyni qiymətdə olması alıcılarda tələbatın məhz elə orta mərtəbələrə olmasını şərtləndirir. Adətən, aşağıdan yuxarı qalxdıqca  hər kvadratda  50 AZN qiymət fərqi olmalıdır. Çünki həmin mərtəbələrə tələbat aşağıdır və vətəndaşlar o binalarda yaşamalı olarlarsa, onlar mütləq əlavə vəsait xərcləməli olurlar. Kommunal xərclərdə müəyyən problem olsa da, ancaq keyfiyyət baxımından problemlər olmur. Bir binanın həm yuxarısında, həm aşağısında eyni tip tikinti materiallardan istifadə olunur. Ancaq qiymət ucuz olsa məncə, bu binalara tələbat arta bilər". 

"MBA" Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə bildirir: "Bakıda yuxarı mərtəbələri ancaq imkanlı adamlar alırlar. Və yaxud da ki, bütün mərtəbələri alıb, həm ordan mənzil kimi, həm də digər  məqsədlə istifadə edirlər. Ancaq paytaxt ərazisində imkanlı şəxslər artıq hamısı istədiyini alıb. Mənzilə ehtiyacı qalan insanlar isə orta və kasıb təbəqəyə aid olan şəxslərdir. Onlar da aşağı mərtəbələrə üstünlük verirlər, yuxarı mərtəbələri istəyən yoxdur. Yuxarı mərtəbələr bəzi hallarda aşağı mərtəbələrlə müqayisədə nisbətən ucuz satılır. Ancaq bu hal kütləvi şəkildə baş vermir. Mərtəbədən-mərtəbəyə əslində, qiymət aşağı düşməlidir. Dünya praktikasında da bu belədir. Tələbdən aslı olaraq qiymət müəyyən olunmalıdır. Yuxarı mərtəbələri istəməyən insanlar  kommunal problemlərə görə bəzən ora üz tutmaq istəmirlər. Bəzi hallarda lift işləmir, çıxıb-düşmək problem olur. Ancaq keyfiyyətlə bağlı problem ola bilməz".


Sizin Reklam Yeriniz