Əlaqə Arxiv
news Image
2020.02.11
08:37
| A A A
“Hər bir xalqın mədəniyyəti yoldan başlayır”
Ölkəmizin avtomobil yolları beynəlxalq standartlara cavab verir

“Hər bir xalqın mədəniyyəti yoldan başlayır” məsəlinin həqiqəti bu gün Azərbaycanın dəyişən simasında aydın təcəssüm olunur. Yol həm də iqtisadiyyat və həyatın rəhnidir. Yalnız bunu qeyd etmək kifayətdir ki, yolun rahat olması insanda xoş ovqat yaradır. Artıq neçə illərdir ki, Bakının yollarında təmir-tikinti, yenidənqurma işləri böyük vüsətlə həyata keçirilir. İnşa olunan yeni körpülər, tunellər paytaxtımıza müasir görmək verməklə yanaşı, bütün meqapolislərin üzləşdiyi nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır.

Beynəlxalq tədbirlər məkanına çevrilmiş Azərbaycanın avtomobil yollarının səliqəli, rahat və gözoxşayan olması ölkəmizə təşrif buyurmuş xarici qonaqlarda xoş ovqat yaratmaqla yanaşı, sürücülərin də işini asanlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi. Plan artıqlaması ilə yerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır. Təkcə Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkilib. Çəkilən yolların keyfiyyətinə görə Azərbaycan MDB məkanında 2-ci, dünyada 27-ci yerdədir və göstəriciyə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır. SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat olub. Hazırda isə bu göstərici 80 km/saatdır. Sürətin həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda avtomobil yollarının çəkilişi ilə bağlı ölkədə bir sıra önəmli layihə həyata keçirilir. Gəncə-Gürcüstan sərhədinədək yolun dörd zolağa qədər genişləndirilməsi və Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır bu layihələr sırasına daxildir. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Şamaxı-İsmayıllı-Qəbələ yolunun bərpası və genişləndirilməsi, Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyətə malikdir. 2020-ci ildə bütövlükdə min kilometr avtomobil yolunun çəkilişi planlaşdırılıb. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

Keçmişdən qalan avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol strukturu və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib. Bu səbəbdən köhnə köklü şəkildə sökülərək yenidən qurulur. Ümumiyyətlə, yollarımızın standartlara cavab verməsi üçün ciddi işlər görülür. Yol örtüyü sökülərək kənara daşınır, yararsız qrunt qazılaraq çıxarılır, yatağın yamacları mexaniki üsulla hamarlanır. Məsələn, mütəxəssislər qeyd edirlər ki, Quba-Qonaqkənd yolunun boyunca suötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunub, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklib. Bundan sonra yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır.

Yollarının keyfiyyəti turizm sənayesinin inkişafına da müsbət təsir göstərir. Təbiətin gözəlliklərinin parlaq təzahür etdiyi dağ massivlərinə gözəl yolların çəkilməsi Azərbaycanı uğurlu perspektivə aparan inkişaf istiqamətidir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz