Əlaqə Arxiv
news Image
2020.02.14
08:31
| A A A
Yeniləşən Azərbaycanın yeni siması
Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışı sosial siyasətin yeni ifadəsidir

Fevralın 12-də Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Mərkəzdə 259 əməkdaş, 145 nəfər könüllü çalışacaq. Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara mərkəzdə xidmət göstəriləcək. Yeni xidmət müəssisəsi “xidmətlər kompleksi”ni əhatə edir və burada bir sıra innovativ yeniliklər tətbiq edilir.

Bu xidmət formasının şöhrəti artıq respublikamızın hüdudlarını aşaraq dünyanı dolaşır. Xalqa xidmətin ən yaxşı innovativ forması olan “ASAN xidmət” bir neçə xarici ölkədə tətbiq olunmağa başlayıb. Çünki, xidmət bir neçə parametr baxımından müasir çağırışlara cavab verir. Birincisi çeviklikdir. Əhali vaxt itirmədən istədiyi sənədi əldə edir. İkincisi, bu sahədə saxtakarlığın və korrupsiyanın kökü kəsilib. Üçüncüsü, layihə innovativlik sarıdan özünü tamamilə doğruldub. Əvvəllər fırıldaqçıların cibinə axan və mənəvi zərəri ilə cəmiyyətə mənfi təsir edən, əldən-ələ rüşvət şəklində keçən vəsaitlər rüsum şəklində dövlətin daxılına axır.

Bu xidmətdən məmnunluq 2019-cu ildə 99.3 faiz təşkil edib. Həmçinin Üstəlik, indiyədək xarici ölkə vətəndaşlarına elektron qaydada 1 milyon 964 min viza verilib. Təhlillər göstərir ki, Azərbaycana gələn turistlər əvvəlki dövrlərlə müqayisədə ölkəmizdə daha çox qalırlar. Demək, “ASAN Xidmət” turizm sənayesinin inkişafına da müsbət təsir edir və ölkəmizə xarici valyuta axınında müəyyən rola malikdir.

Bundan başqa, ağıllı sürücülük imtahanı sistemi sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir. Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir. Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır. Bu vəziyyət cəmiyyətdə ciddi ictimai təəssürat doğurub.

 “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə yaradılan “ASAN rəqəmsal sinir sistemi” platforması hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir. Eyni zamanda, bu platforma “ASAN xidmət” əməkdaşları barədə də bütün məlumatları bir yerə cəmləməklə, onların performanslarını qiymətləndirməyə, analitik təhlillər aparmağa və vətəndaş-dövlət xidməti–dövlət qulluqçusu münasibətlərini vizuallaşdırmağa imkan verir.

Dövlət satınalmalarının vahid platforma üzərindən elektron mühitdə həyata keçirilməsinə imkan verən internet portalı bu prosesinitəkmilləşdirilməsi və operativliyinin artırılması, eyni zamanda, prosesin təşkili zamanı dövlət–özəl sektoru əməkdaşlığının təmin edilməsini nəzərdə tutur. Satınalma prosesinin bütün mərhələləri - tenderin elan edilməsi, təkliflərin qəbulu və qiymətləndirilməsi, müqavilələr və hesab-fakturaların formalaşması tamamilə elektron mühitdə həyata keçirilir. Həmçinin satınalma prosesinin sürətlə aparılması üçün müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya həyata keçirilib. Platformanın yaradılması satın alan və podratçı tərəfindən xərclərin azalması ilə bərabər, beynəlxalq reytinqlərdə də ölkəmizin mövqeyinin yaxşılaşmasına təsir edəcəkdir. Çünki, əməyin bu formada elmi təşkili müasirliyi və nümunəviliyi təmin etməklə innovativ struktur formalaşdırır.

Ölkəmizə daxil olan tranzit yük avtomobillərinin qanunvericilikdə mövcud olan ödənişləri (vergi, rüsum və s.) əvvəlcədən ödəməsinə imkan verən və məlumatları real vaxtda müvafiq informasiya sistemlərinə ötürən  “ASAN Tranzit” Sistemi də mükəmməl platformadır. Dövlət sərhədinə yaxınlaşmadan öncə avtomobilin sürücüsü və ya avtomobilin qeydiyyatda olduğu şirkət sürücü və avtomobil barədə məlumatları sistemə daxil etməklə müvafiq ödənişləri həyata keçirir və ödəmənin təsdiqinə dair elektron sənəd əldə edir. Bu sistem yük avtomobillərinin ölkəyə daxil olduğu zaman əlavə dayanmaların qarşısını almaqla, ödənişlərin bir nöqtədə toplanmasına, vaxt itkisinin aradan qalxmasına imkan verir. Sistemin imkanları, həmçinin ölkəmizin beynəlxalq tranzit yükdaşımaları zamanı üstünlük verilən marşruta çevrilməsinə və proseslərin səmərəliliyinin artmasına şərait yaradır.

Kürdəmir “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev yeni müəssisənin əhə\miyyətini qeyd edərək deyib: “Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur”.

N.NOVRUZ

Sizin Reklam Yeriniz