Əlaqə Arxiv
news Image
2020.02.25
15:42
| A A A
ŞAR-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Fevral ayının 25-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 28-ci ildönümü qeyd edilib.

Tədbir soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Tədbiri giriş sözü ilə açan f.f.d. Xıdır Mikayılov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Natiq, erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımın acı statistikasını yada salıb: “Ermənilərin törətdiyi vəhşiliyin nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb”.

Xıdır Mikayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul edilib.

Tədbirdə son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi çoxsaylı tədbirlər, həmçinin “Xocalıya ədalət!” kampaniyasının önəminə toxunulub. Qeyd olunub ki, diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanımasına müvəffəq olunub.

Anım mərasimində ŞAR əməkdaşları tərəfindən soyqırım haqqında müxtəlif fikirlər səsləndirilib. Bildirilib ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları gec-tez layiqli cəzalarını alacaqlar.

Sizin Reklam Yeriniz