Gənclər və İdman Nazirliyi tərəfindən Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənclərin intellektual yaradıcılıq festivalı" keçirilib.
Mövqe.az-ın məlumatına görə, festivalın əsas məqsədi Azərbaycanın milli qəhrəmanlarını gənclərə tanıtmaq və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət olub.
Bu istiqamətdə ilk dəfə keçirilən festivalda Lənkəran-Astara zonası üzrə 9 şəhər və rayonun gəncləri
iştirak ediblər. Festivaldan öncə tədbir iştirakçıları Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Məktəb-lisey
kompleksinin önündə ucaldılmış abidəsini ziyarət edib və milli
qəhrəmana həsr olunmuş fotosərgi ilə tanış olublar. Həmin məktəbdə
də tədbirin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirildikdən sonra çıxış edənlər əsasən qəhrəmanlıq,
vətənpərvərlik, ordu quruculuğu və müstəqil dövlətçiliyimizlə bağlı
fikirlərini bildiriblər. Tədbir çərçivəsində rəsm və şeir
müsabiqəsi, "Breyn-rinq" intellektual oyunu üzrə zona birinciliyi
keçirilib. Münsiflər heyətinin qərarına əsasən rəsm müsabiqəsi üzrə
I yerə Yardımlı rayonundan Rəşad Mirzəyev, II yerə Neftçala
rayonundan Şamxal Umudov, III yerə isə Lerik rayonundan Altun
Rəcəbli layiq görülüblər.
Festival çərçivəsində keçirilən şeir
müsabiqəsində isə I yeri Salyan rayonundan Mirhəsən Abdullayev, II
yeri Biləsuvar rayonundan Zəhra Əliyeva, III yeri isə Neftçala
rayonundan Lumu İmanova tutublar.
"Breyn-rinq" intellektual oyunu üzrə zona birinciliyinin qalibi Biləsuvar rayonunun gənc intellektualları olub. Masallı rayonunun və Lənkəran şəhərinin komandaları isə müvafiq olaraq II və III yerləri bölüşdürüblər.