Əlaqə Arxiv
news Image
2020.04.03
12:48
| A A A
Dəhşətli bəlaya qarşı mübarizənin Azərbaycan nümunəsi
Dünyanı cənginə alan “COVİD-19”-un öhdəsindən gəlmək asan başa gələn iş deyil

Beynəlxalq aləmin qarışdığı indiki dövrdən baş çıxarmaq, etiraf etmək lazımdır ki, müşkül işdir. Çünki, insan iradəsindən asılı olmayan təbii bəlalar qəfil gəlir və cəmiyyətlərə rəhbərlik edənlər əvvəlki fəaliyyətləri ilə bu hadisələri qarşılamaq üçün tədbirlər görməyiblərsə, onların işi ağır olur. Cəsarət, çeviklik, uzaqgörənlik, təzyiq gözlənilməyən mövqelərdə də sayıqlıq göstərmək müasir dövrün uğurlarında böyük rol oynayır.

Son bir neçə il əvvəldən başlanan sosial layihələrin xronologiyasına müraciət etsək, bu gün baş verənlərə qarşı mübarizənin mütəşəkkilliyi barədə daha aydın təsəvvürlərimiz formalaşar. 2015-ci ildən başlayaraq dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda əhalinin pulsuz ümumi müayinəsi həyata keçirilir. Siyasətçinin uğuru o zaman təmin olunur ki, onun hissiyyatı idarəetmə ilə uzlaşır. Hər il davamlı şəkildə keçirilən tibbi müayinələr səhiyyə personalında öz pasiyentlərinin xəstəlik tarixçəsini dərindən mənimsəməyə imkan verib ki, bu gün koronavirusa qarşı mübarizədə onlar geniş məlumat bazasına malik olmaqla daha dəqiqi müalicə üsulları seçə bilirlər. Halbuki, bu təşəbbüs başlayanda heç kim bilmirdi ki, bir neçə il sonra yer kürəsi hansısa dəhşətli tibbi virusun hücumuna məruz qalacaq.

Yaxud, dövlət idarəetmə strukturunda çevikliyi artırmaq üçün aparılan islahatlar, müasir dünyagörüşünə malik və innovativ fəaliyyət düsturunu öyrənmiş kadrların irəli çəkilməsi, koronavirusla mübarizədə önəmli rol oynayır. Heç təsadüfi deyil ki, insan həyatına qənim kəsilmiş yeni növ virusa qarşı mübarizənin təşkili üzrə Azərbaycanın tətbiq etdiyi qaydalar, qabaqlayıcı tədbirlər beynəlxalq təşkilatlar və əksər ölkələr tərəfindən təqdir edilir. Ümumdünya Səhiyyə Təşkilatı hələ bir ay bundan qabaq virusa qarşı görülən tədbirlər çərçivəsində Azərbaycan təcrübəsindən istifadənin genişlənməsini tövsiyə etmişdi. Həmin dövrdən keçən müddət ərzində görülmüş bir çox operativ tədbirlərin verdiyi nəticələrə görə bir sıra ölkələrdə də Azərbaycan nümunəsi örnək göstərilir. Bu virusa yoluxanların sayının 600 mini keçdiyi, 16 ölüm faktının qeydə alındığı Ukraynada Ali Radanın yeni seçilmiş birinci vitse-spikeri Ruslan Stefançuk qeyd edib ki, bu bəla bütün dünyada olduğu kimi onun ölkəsində də durmadan artır: “Biz artıq bütün lazımı tədbirlərə əl atmışıq. Bunun çox yayılmasına səbəb, təəssüf ki, bəzi ölkələrin, onların vətəndaşlarının buna ilk anlarda qeyri-ciddi yanaşması oldu. Amma bir fərqi gördük ki, Azərbaycan ilk vaxtdan təhlükənin ciddiliyini duydu və operativ tədbirlərə əl atdı. Biz müzakirələrimizdə Azərbaycanı nümunə çəkirik. Təqdir olunası haldır ki, dostumuz Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinə görə əksər ölkələrə nümunə çəkilir”.

Mübarizənin mütəşəkkiliiyinin və səmərəliliyinin zirvəsində Azərbaycan dövlətinin öz vətəndaşına göstərdiyi sosial qayğı durur. İndi hər bir azərbaycanlı arxasında güclü qüvvənin olduğunu fəxrlə düşünür. Çünki, xüsusi rejimli karantin dövründə bir çox müəssisələrin işini məcburi şəkildə dayandırması nə qədər ailəni gündəlik dolanışıq xərclərinin təzyiqinə məruz qoyub. Təbii ki, iş, istehsal, satış və xidmət yoxdursa, gəlir və məvacib də yoxdur. Amma ürəyə təpər verən odur ki, sənin dövlətin var və o, hamı ilə yanaşı sənin ailənin də qayğısını çəkir. Azətimnatlı ailələrin, tənha qocaların, işsizlərin yaşayış xərclərinin ödənilməsi, sahibkarlara əsaslı güzəştlərin tətbiq edilməsi, vergi yükünün azaldılması və ya müəyyən müddət üçün ləğv edilməsi və bu istiqamətdə görülən bir sıra tədbirlərin həyata keçirilməsi koronavirusa qarşı mübarizəni asanlaşdıran və onun aradan qaldırılmasını tezləşdirən fövqəladə fəaliyyəti tərcih edir.

Baş verən prosesdə təqdirəlayiq hal kimi mühüm bir aspekti nəzərdən qaçırmaq olmaz. Dövlət vətəndaşı həmişə qabaqlamağa çalışaraq özü daim onun yanında olmağa səy göstərir. Yəni, Azərbaycanda sosial strategiyanın qırmızı xətti bütün xətaların əvvəlcədən nəzərə alınması və vətəndaşın narahatlığının önlənməsi trayektoriyasıdır. “Covid-19”la mübarizədə qazanılan uğurların innovativ cizgisi bu amilə bağlıdır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz