Əlaqə Arxiv
news Image
2020.04.07
10:33
| A A A
Koronavirusla mübarizədə vətəndaş həmrəyliyi
Vətəndaşlar davranışları ilə pandemiyaya qarşı fəaliyyətə dəstək olmalıdır

Koronavirus pamdemiyası ilə bağlı Azərbaycan hökuməti zəruri tədbirlər görür. Tədbirlər çoxistiqamətli olmaqla həm əhalinin sağlamlığının qorumasına, həm insanların sosial müdafiəsinin gücləndirilməsinə, həm də iqtisadi artımın və sahibkarlığın dəstəklənməsinə yönəlib.

Pandemiya dövründə ən vacib olan məsələ, əlbəttə ki, əhalinin sağlamlığının qorunmasıdır. Dövlət bu məqsədlə karantin rejimi tətbiq edib, virusa yoluxanları təcrid edir, onların müalicəsini təşkil edir. Müalicəsi təşkil olunan insanlara daimi həkim nəzarəti var. Bunlarla bərabər, dövlət əhalinin virusa yoluxmaması üçün çoxlu sayda iş yerlərində əmək fəaliyyətini dayandırıb. İş yerləri dövlət tərəfindən dayandırılan sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu çalışanlara aldıqları əmək haqqı ödənilməkdədir. Eyni zamanda fərdi sahibkarlara da dövlət maliyyə köməkliyi göstərilir.

Dövlət koronavirus pandemiyasına qarşı, ondan qorunmaq üçün zəruri məlumatlandırmanı da həyata keçirir. Kütləvi informasiya vasitələrində davamlı şəkildə müxtəlif çarxlar yayımlanaraq, vurusdan qorunmaq, özünü təcrid etmək qaydaları haqqında məlumat çatdırılır.

Lakin yalnız dövlətin tədbirləri ilə pandemiyaya qarşı mübarizə aparmaq olmur. Vətəndaşlar da dövlətin həyata keçirdiyi, tövsiyə etdiyi tədbirlərə uyğun şəkildə davranmalıdır. Virusun yayılmasına qarşı ən effektiv davranış üsulu təcriddir. Buna görə dövlət əhalini zərurət olmadıqda evdən çıxmamağı məsləhət görür.

Virusun geniş yayıldığı ölkələrin təcrübəsi göstərir ki, evdən çıxan hər bir şəxs potensial virus daşıyıcısına çevrilir və onun kənar şəxslərlə təması infeksiyanın yayılması və yeni ölümlər deməkdir. Buna görə də zərurət olmadıqda evdən çıxmaq lazım deyil. Təəssüflər olsun ki, insanlarımızın bir çoxu epidemiyanın yarada biləcəyi təhlükələri anlamır, bu məsələyə, tövsiyələrə məsuliyyətsizcəsinə yanaşır. Halbuki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.

Məsuliyyətsiz davrananlar sadəcə insanların sağlamlığına zərər vurmur. Onlar həm də günəmuzd çalışan, qazancları gündəlik əmək fəaliyyətinə bağlı olan insanlar üçün də problemlər yaradır. Əgər bu gün ictimai iaşə müəssisələri işləmirsə, gözəllik salonları, bərbərxana, geyim əşyalarının satışı mağazaları işləmirsə, bunun səbəbkarı karantin qaydalarına əməl etməyən məsuliyyətsiz insanlardır. O insanlar anlamalıdırlar ki, intizamsız davranışlarına sadiq qaldıqca Operativ Qərargah daha sərt və qəti addımlar atmağa məcbur olacaq. Bu qadağaların davamı kimi ölkəmizdə fövqəladə vəziyyətin tətbiqi də istisna edilmir. Qonşumuz Gürcüstan belə bir rejimin tətbiqinə məcbur qalıb. İnsanlar müvafiq tövsiyələrə əməl etmədikdə hökumətin daha ağır, geniş məhdudiyyət gətirən qərarlar verməkdən başqa yolu qalmır.

Karantin rejiminin tətbiq edilməsini zəruri edən vacib məsələ virusa yoluxanların müalicəyə cəlb edilməsi imkanlarının yaxşılaşdırılmasıdır. Virus elə bir bəladır ki, o, insanlar arasında kütləvi şəkildə yayılmaq imkanına malik olur. Hava-damcı yolu ilə yoluxan virusların yayılma imkanı digərlərindən daha böyükdür. Covid-19 adlanan koronavirus da hava-damcı yolu ilə asanlıqla yayıla bilir. Gözlənilir ki, bu virus yaxın vaxtlarda daha çox insana yoluxacaq. Deməli, daha çox insanın müalicəyə, tibb xidmətinə ehtiyacı yaranacaq. Karantinin tətbiq edilməsində məqsəd virusun yayılma sürətinin azaldılmasıdır.  Bu halda xəstəxanalar, səhiyyə müəssisələrində virusa yoluxanların müalicəsini təşkil etmək mümkün olur. Hər bir ölkənin xəstəxanalarının yataq sayı var. Bundan artıq xəstənin xəstəxanalarda müəalicəsini təşkil etmək mümkün deyil. Xəstələnmələr kütləvi hal alanda onların hamısının müalicəsini təşkil etmək qeyri-mümkün olur və nəticədə sağalmaq imkanı olan şəxslər də müalicə ala bilmədiyindən dünyasını dəyişir. İtaliya, İspaniya, İran, Fransada koronavirusdan insan ölümlərinin sayının çox olmasının bir səbəbi də məhz müalicənin təmin edilməməsidir.

Azərbaycanda da zəruri karantin tədbirləri görülməsə, belə bir təhlükənin yaranması ehtimalı var. Ona görə də hökmən karantin qaydalarına əməl edilməli, özümüzü və başqalarını virusa yoluxdurmamalıyıq.

 

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz