Əlaqə Arxiv
news Image
2020.04.08
08:45
| A A A
Vətəndaşların mənəvi sağlamlığına yönəldilmiş siyasət
Dövlətimizin sərhəd tanımayan humanizminin yeni təzahürü

 

Bu gün Azərbaycanda yaradılan və insanlıq humanizminə arxalanan güclü sosial-iqtisadi baza və intellektual potensial müstəqil dövlətimizin etibarlı bünövrəsinə çevrilib. Prezident İlham Əliyevin qayğısı və təşəbbüsü ilə respublikamızın inkişafında, xalqımızın milli özünüdərkində, cəmiyyətimizin tərəqqi yolu ilə irəliləməsində böyük uğurlar qazanılır. Azərbaycan öz tarixində yeni inkişafın mərhələsini yaşayır.

Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində durur. Ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz ildən-ilə daha da möhkəmlənir. Dövlət başçısının yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı xalqa verdiyi vədlər ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalqın fikrini daim öyrənir, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası sərhəd tanımır. Dövlət başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları tarixin çətin günlərində də insanlarımız üçün humanizm və xalqa xidmət nümunəsidir.

Bu günlərdə Prezidentin imzaladığı əfv Sərəncamı dövlətin hər bir vətəndaşına diqqətinin təzahürüdür. Bu sərəncam yüzlərlə ailənin böyük sevincinə səbəb olub. Bu sərəncam Prezident İlham Əliyevin humanist siyasətinin, eyni zamanda, ölkə vətəndaşlarının mənən sağlam, düzgün həyat tərzi keçirməsi ilə bağlı istəyinin daha bir göstəricisidir:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzalanın çəkilməmiş hissəsindən azad edilmişdir. Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunmuşdur. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınmışdır.  Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunmuşdur. Növbəti  əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü olmuşdur. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə etmiş, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur.

Prezident İlham Əliyev ötən 17 il ərzində atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir. İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir.

Bu faktlar bir daha təsdiqləyir ki, humanizm Azərbaycan iqtidarı üçün prioritet dəyərlərdən biridir. Həm də məhz bu səbəbdən cəzaların yüngülləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi istiqamətində fəal iş aparılır. Çünki dövlətin məqsədi əsla vətəndaşını cəzalandırmaq deyil, əksinə vətəndaşı islah etmək, qanunsuz əməllərdən uzaqlaşdırmaqdır. Məhz, yayılmış virusdan qorunmaları üçün yaşlı məhkumların vaxtından əvvəl azadlığa buraxılması cəmiyyətimizin mənəvi yüksəlişi yolunda atılmış ən humanist addımlardandır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz