Əlaqə Arxiv
news Image
2020.04.09
09:58
| A A A
Azərbaycan səhiyyəsi pandemiyaya qarşı dayanıqlıdır
Virusa yoluxanların müalicəsi üçün xəstəxanalarımız və tibbi heyət yetərlidir

Dünyanı ağuşuna almış COVİD-19 böyük sürətlə yayılır. Respublikamızda bu proses xeyli dərəcədə zəif olsa da, hər halda hər gün 20-30 nəfər yoluxan olur. Düzdür, bunların əksəriyyəti sağalır və digərləri də karantin rejimində müalicəsini davam etdirir. Lakin, heç kim zəmanət verə bilməz ki, belə xəstələrin sayı arta bilər. Buna görə də hökumət qabaqlayıcı tədbirlərin vüsətini nəinki azaltmır, əksinəəlavə tədbirlərin görülməsini sürətləndirir.

Koronavirusun bir sıra ölkələrdə sürətlə yayılmasının bir səbəbi də pasiyentlərin vaxtında müalicə alması üçün xəstəxana çarpayılarının çatışmazlığıdır. Xarici mətbuatda yayılan xəbərlərdə göstərilir ki, virusun sürətlə yayıldığı ölkələrdə xəstələr dəhlizlərdə yerləşdirilir, çünki çarpayı sayı bəs etmir. Deyirlər, “şər deməsən, xeyir gəlməz”. Bəs, bizdə bu sahədə vəziyyət necədir?

Rəsmi məlumatlara görə, Azərbaycan xəstəxanalarında 44 min 45 ədəd çarpayı mövcuddur və bu çarpayıların 3 mindən çoxu infeksion xəstələr üçün nəzərdə tutulub. Lakin lazım olduğu təqdirdə çarpayı sayının artırılması mümkündür. Buna baxmayaraq, pandemiya ilə əlaqədar qabaqlayıcı tədbir kimi hökumət müvafiq tədbirlər həyata keçirir.

Bu günlərdə Prezident İlham Əliyev “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması nəzərdə tutulub və bunun üçün büdcədən 14,8 milyon manat ayrılıb. Modul xəstəxanaların quraşdırılması bir neçə amillə bağlıdır. Birincisi,bu, təcili situasiyada sürət və keyfiyyət baxımından çox əlverişlidir. Yəni, xəstəxanalar qısa müddətdə fəaliyyətə başlayacaq. İkincisi, belə xəstəxanaları istənilən məkanda quraçdırmaq mümkündür. Yəni, virusun yayılma arealının qarşısını almaq üçün yoluxanların daha çox olduğu regionlarda belə müalicə müəssisələrini qısa müddətdə əhalinin ixtiyarına vermək olar.

Hazırda Azərbaycanda təxminən 600 nəfər civarında yoluxmuş xəstə var. Bu, digər ölkələrlə müqayisəli götürəndə kiçik rəqəmdir. Lakin ölkə rəhbərliyi virusun yayılmağa başladığı ilk dövrlərdə sərvaxt tərpənərək tikilməkdə olan böyük bir xəstəxananın işə salınmasını ən qısa müddətdə həyata keçirməyə nail oldu. Bu, respublikamızda ən müasir xəstəxana olan “Yeni klinika”dır. 575 çarpayısı olan bu xəstəxana ilə yanaşı mart ayında  Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən, təqribən 500 çarpayısı olan tibbi müəssisələr də istifadəyə verilib. Bu müəssisələr dünyanın ən müasir xəstəxanaları səviyyəsindədir.

Bu gün ölkəmizdə 20-dən çox xəstəxanada koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olurlar. Yüksək ixtisaslı həkimlərimiz və tibb bacıları kifayət qədərdir və pasiyentlərin tezliklə sağalması üçün lazımı tədbirlər vaxtında görülür. Xaricdən yüksək texnologiyalı tibbi avadanlıqların alınması, tibbi əşyaların mümkün olanını respublikamızada istehsal etmək pandemiyanın qarşısını almağa kömək edir. Koronavirusa qarşı mübarizəyə başlayanda tibbi maska çatışmazlığı ciddi problem kimi qarşıda dururdu. Belə ki, adi vaxtlarda bu maskalara ciddi tələbat duyulmadığı üçün bunlara kəskin ehtiyac duyulmurdu. Lakin tələbatın birdən-birə sürətlə artması bu istiqamətdə lazımı addımların atılmasını zərurətə çevirdi. Hökumətin qəbul etdiyi çevik qərarlar sayəsində ölkəmizdə maska istehsal edən müəssisə qısa müddətdə işə salındı və problem tamamilə aradan qaldırıldı.

Prezidentin pandemiyaya qarşı mübarizəyə çağırışına qoşulan yerli sahibkarların təşəbbüsü ilə indi yoluxmada şübhəli bilinən və karantin rejimində saxlanan insanlarımız 4-5 ulduzlu otellərdə qalırlar. Hazırda onların sayı 500 nəfərdir. Bu şəxslər ciddi həkim nəzarətindədirlər və vaxtlı-vaxtında testlərdən keçirlər. Görülən bütün bu tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirusdan ölənlərin sayı cüzidir: 8 nəfər. Halbuki inkişaf etmiş ölkələrdə bu rəqəm 10-15 min nəfəri ötür. Əlbəttə, bir nəfər insanın həyatını itirməsi də ağrılıdır. Amma kütləvi ölümlərə bais olan vorinavirus qarşısında Azərbaycanda aparılan məqsədyönlü tədbirlər bu kabusun vaxtında neytrallaşdırılmasına imkan verib.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz