Əlaqə Arxiv
news Image
2020.04.10
10:33
| A A A
Koronavirus daşıyıcıları elektron nəzarətlə izlənəcək?!
Adil Qeybulla: “Ev şəraitində karantində olan şəxsləri izləmək üçün elektron nəzarət vasitələrindən istifadə etmək olar”

Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı artdıqca daha effektiv xarici təcrübənin tətbiqi sürətlənir. Hələlik ölkəmizdə epidemoloji vəziyyət ağır deyil və Azərbaycan səhiyyəsi xəstələnən şəxslərə zəruri xidmətlər göstərə bilir.

Ölkəmizdə xəstələrin sayı çox olmasa da bu həftə virusa yoluxanların sayında artım müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın gözləntilərinə əsasən, qarşıdakı günlərdə virusa yoluxanların sayında artım davam edəcək. Bu halda daha çox xəstə xəstəxanalara müraciət edəcək, onların müalicəsinin təşkili üçün daha böyük vasitələrdən istifadəyə ehtiyac yaranacaq. O halda Azərbaycan virusun daha çox yayıldığı ölkələrin başqa təcrübəsindən də istifadə edə bilər.

Virusun daha çox yayıldığı ölkələrdə xəstələrin hamısı xəstəxanalarda yerləşdirilmir. Həmin ölkələrdə yataq yerlərinin sayı xəstələrin sayından az olduğuna görə, xəstələrin bir hissəsi ev şəraitində müəalicə edilir. Lakin həmin xəstələri nəzarətsiz də qoyulmur. Çünki onlar evdən çıxıb virusu başqa insanlara yaya bilər. Bu ehtimalları aradan qaldırmaq məqsədilə bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Cənubi Koreyada koronavirus xəstələrini nəzarətdə saxlamağa, izləməyə imkan yaradan rəqəmsal texnologiyadan istifadə olunur. Ev şəraitində müalicəsi davam etdirilən xəstələrə xüsusi qolbağı və ya ayaqbağı taxılır, onlara xəbərdarlıq edilir, 24 saat nəzarət cihazı xəstələrin üzərində qalır. Hətta xəstələr çimdikdə belə nəzarət cihazlarını üzərilərindən çıxarmırlar.

Qeyd edək ki, pandemiyanın yayılmasına qədər bu cür nəzarət cizahlarından şərti cəza alan, ev həbsinə salınan şəxslərdə istifadə edilirdi. Lakin epidemoloji vəziyyətin ağırlaşması səbəbindən bəzi ölkələrdə xəstələr evlərdə müalicə olunur və onlara nəzarət məqsədilə bu cür elektron cihazlar taxılır.  Bəs, Azərbaycanda da xəstələrin sayının artması fonunda eyni texnologiyanın tətbiqi mümkündürmü?

Tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, hələlik xəstələr üzərində belə nəzarət cihazlarının gəzdirməsinə ehtiyac yoxdur. O bildirdi ki, Azərbaycanda xəstələrin sayı çox deyil və virusa yoluxanların sayı getdikcə artsa da xəstəxanalarda olan yataq sayı onları qəbul etməyə, müalicəsini təşkil etməyə imkan verir. Həkim dedi ki, xəstələrin sayı palatada olan yataq sayını keçərsə, o halda yüngül xəstələrin müşahidəsi ev şəraitində aparıla bilər. A.Qeybulla bu halda elektron izləmə cihazlarından istifadəyə ehtiyac yaranacağını söylədi.

“Hələlik buna ehtiyac yoxdur. Məndə olan məlumata əsasən, koronavuruslu xəstələr üçün ayrılan xəstəxanalarda yerlər tam dolmayıb”, - deyən həkim hesab edir ki, elektron nəzarət vasitələrindən karantin altında olan şəxslərdə istifadə edilməlidir. A.Qeybulla məlumat verdi ki, karantində saxlanılan şəxslərin böyük əksəriyyətində koronavirus aşkar olunmur və onlar evə buraxılır.

Onun fikrincə, karantin altında olan şəxslərlə bağlı yanaşma dəyişdirilməlidir. Həkim düşünür ki, xaricdən gələn və karantində saxlanılan şəxslərdə heç bir əlamət aşkarlanmırsa, onlar ev karantininə keçirilməlidir. A.Qeybulla hesab edir ki, ev şəraitində karantində olan şəxsləri izləmək üçün elektron nəzarət vasitələrindən istifadə etmək olar: “Dövlət üçün karantində minlərlə insanı saxlamaq əlavə yükdür, əlavə xərcdir. Ona görə də bəzi tədbirləri operativ və az xərc tələb edən formada etmək lazımdır”.

Həkim proqnozlaşdırır ki, apreldə epidemiyanın pik nöqtəsini müşahidə edəcəyik. Ondan sonra yavaş-yavaş stabilləşmə və eniş gözlənilir. A.Qeybulla Azərbaycanın bununla bağlı intensiv tədbirlər apardığını və bu tədbirlərin öz effektini verəcəyini söylədi.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz